10 mart 2026 13:17
112

AzMİ-nin Fotometriya və radiometriya ölçmələri laboratoriyası beynəlxalq tutuşdurmaya qoşulub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Fotometriya və radiometriya ölçmələri laboratoriyası Amerika ölkələri arasında Metrologiya Sistemi (Inter-American Metrology System - SIM) tərəfindən işıq şiddəti üzrə təşkil edilən əsas tutuşdurmaya qoşulub. “İki sahil” xəbər verir ki, tutuşdurmada AzMİ ilə yanaşı, ABŞ, Argentina, Boliviya, Braziliya, Kanada, Koreya Respublikası, Meksika, Peru, Tailand, Tayvan və Özbəkistanın milli metrologiya institutları iştirak edir.

Bu tutuşdurma volfram közərmə telli standart lampaların işıq şiddətinin əvvəlcədən müəyyən edilmiş və korrelyasiya olunmuş rəng temperaturunda, eləcə də müvafiq elektrik rejimində ölçülərək müqayisəli şəkildə qiymətləndirilməsini əhatə edir. Qeyd olunan beynəlxalq tutuşdurma Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) “SIM.PR-K3” nömrəsi ilə dərc olunub.

Məlumat üçün bildirək ki, tutuşdurma çərçivəsində AzMİ-nin Fotometriya və radiometriya ölçmələri laboratoriyası tərəfindən OSRAM WI41/G volfram közərmə telli işıq şiddəti etalon lampalarından istifadə edilməsi nəzərdə tutulur. Tutuşdurmanın tamamlanmasından sonra əldə edilən nəticələr ekspertizadan keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən, iştirakçı laboratoriyaların müvafiq ölçmə və kalibrlənmə imkanları KCDB-də yerləşdirilir. Bu isə laboratoriyanın həyata keçirdiyi ölçmələrin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Qeyd edək ki, AzMİ-nin Fotometriya və radiometriya ölçmələri laboratoriyasında işıq mənbələri, optik sistemlər və materialların fotometrik xüsusiyyətlərinin yüksək həssaslıqla ölçülməsi həyata keçirilir. Burada işıq şiddəti və işıqlanma kimi əsas parametrləri, o cümlədən digər işıq kəmiyyətlərini və spektral xüsusiyyətləri ölçmək mümkündür.