ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkiləri fonunda vitse-prezident Venc və dövlət katibi Marko Rubionun siyasi perspektivləri barədə öz yaxın çevrəsi ilə məsləhətləşir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazır.

Məlumata görə, Tramp artıq bir neçə aydır ki, məsləhətçilərindən, maliyyə donorlarından və dostlarından hər iki siyasətçinin güclü və zəif tərəfləri barədə fikir soruşur. Bununla belə, ABŞ liderinin hələlik bu məsələ ilə bağlı qəti qərar vermədiyi bildirilir.
Nəşrin qeyd etdiyinə görə, Tramp Vens və Rubionun müqayisəsini daha çox siyasi müzakirə və ya “oyun” kimi qiymətləndirir və bunu hazırda özünə rəsmi varis seçimi kimi görmür.
Məqalədə həmçinin bildirilir ki, Tramp son dövrlər şəxsi söhbətlərində Rubionu daha tez-tez tərifləyir. Xüsusilə də onun Münxen Təlükəsizlik Konfransındakı çıxışını yüksək qiymətləndirdiyi vurğulanır. Bundan başqa, Tramp bəzi hallarda dövlət katibinin səlahiyyətlərindən kənara çıxan məsələlərdə də Rubionun məsləhətinə müraciət edir.
Eyni zamanda, Tramp vitse-prezident Vensi tənqid etmir və onun seçki perspektivlərinə şübhə ilə yanaşmır. Qəzetin yazdığına görə, Rubio 2028-ci il prezident seçkilərində namizədliyini yalnız Trampın dəstəyi olduğu halda irəli sürə bilər.