Avropa və Asiya ölkələri Yaxın Şərqdə artan gərginlik fonunda maye təbii qaz (LNG) tədarükləri uğrunda rəqabətə başlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, regionda davam edən hərbi əməliyyatlar Hörmuz vasitəsilə həyata keçirilən enerji daşımalarına təsir göstərib. Bu boğaz vasitəsilə dünyada satılan LNG və neftin böyük hissəsi daşındığı üçün vəziyyət qlobal enerji bazarında ciddi narahatlıq yaradıb.
Qəzet qeyd edir ki, Yaxın Şərqdəki gərginlik nəticəsində Hörmuz boğazı üzərindən keçən tədarüklər məhdudlaşıb və bu da dünya enerji bazarında təxminən qlobal tədarükün beşdə birinin bloklanmasına səbəb olub. Nəticədə həm Avropa, həm də Asiya ölkələri alternativ LNG mənbələri üçün daha sərt rəqabət aparmağa başlayıblar.
Bundan əvvəl The Wall Street Journal qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Kuveyt Yaxın Şərqdəki münaqişə fonunda neft hasilatını və emalını azaltmağa başlayıb.