10 mart 2026 12:07
112

FHN əhalini Yel çərşənbəsində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Yel çərşənbəsində yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir.

Eyni zamanda, təəssüflə qeyd olunub ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır. Belə ki, ötən çərşənbə axşamı tonqalla bağlı nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb. Nazirlik bildirib ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı,tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

“Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng etmək lazımdır”,- deyə məlumat qeyd edilib.