10 mart 2026 11:45
112

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı üzrə indikativ planlaşdırma müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində 2026-cı il üzrə tədbirlərin indikativ planlaşdırılması, habelə nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Dövlət Proqramının icrası üzrə monitorinq və qiymətləndirmənin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb.

Sonra Səmərəliliyin qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Günay Rəhimli tərəfindən indikativ planlama haqqında məlumat verilib, indikator cədvəllərinin formalaşdırılması izah edilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov çıxış edərək indikativ planlaşdırma istiqamətində həyata keçirilən işlərdən və digər dövlət qurumları ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində görüləcək işlərin perspektivindən danışıb. Sonra digər icraçı qurumların nümayəndələri ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2025-ci il tarixli 860 nömrəli Sərəncamının 5-ci bəndinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.