10 mart 2026 11:25
105

Vətəndaş Koalisiyası yenidən Donald Tuska etimad göstərib

Polşanın Baş naziri Donald Tusk yenidən hakim Vətəndaş Koalisiyası partiyasının lideri seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə Seym (parlamentin aşağı palatası) sədrinin müavini Dorota Nedzelya məlumat verib.

“Donald Tusk 97 faiz dəstək alıb. Onun lehinə 16 min 695 səs, əleyhinə isə 379 səs verilib”, - deyə “Radio Zet” onun sözlərini sitat gətirib. Partiya rəhbərliyi seçkilərində səsvermə hüququ olan Vətəndaş Koalisiyası üzvlərinin ümumilikdə 78 faizi iştirak edib.

“97 faiz hətta məni də heyran etdi” – deyə Tusk səsvermənin nəticələri barədə şərh verərkən bildirib.

Əvvəlki partiya rəhbərliyi seçkiləri 2021-ci ilin oktyabr ayında baş tutub. O vaxt da Donald Tusk Vətəndaş Koalisiyası üzvlərinin səslərinin 97,4 faizini qazanaraq qalib gəlmişdi.