10 mart 2026 01:06
92

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.

“İki sahil” xatırladır ki, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.

Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.

Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.