09 mart 2026 15:57
108

Aİ strateji neft ehtiyatlarından istifadə etmədiyini açıqlayıb

Avropa İttifaqı Yaxın Şərqdəki gərginlik fonunda strateji neft ehtiyatlarından istifadə etmədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa Itkonen açıqlama verib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr mövcud qaydalara uyğun olaraq təxminən 85–90 gün ərzində tələbatı ödəyə biləcək həcmdə strateji neft ehtiyatına və ya onun ekvivalentinə malikdirlər. Bu ehtiyatlar enerji təhlükəsizliyinin təmin edilməsi və mümkün böhran hallarında bazarın sabit saxlanılması üçün nəzərdə tutulur.

İtkonen qeyd edib ki, bəzi ölkələr – xüsusilə Macarıstan və Slovakiya – müəyyən həcmdə ehtiyatları bazara buraxıblar. Lakin bu addımın Yaxın Şərqdəki gərginliklə birbaşa əlaqəsi olmadığı vurğulanıb.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Aİ qaydalarına əsasən üzv dövlətlər strateji ehtiyatları istifadə etdikdə bu barədə Komissiyanı rəsmi şəkildə məlumatlandırmalıdırlar. Mövcud məlumata görə isə indiyədək heç bir üzv dövlət Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq strateji neft ehtiyatlarının istifadəsi barədə rəsmi bildiriş təqdim etməyib.