09 mart 2026 15:29
121

Qətər LNG layihəsini 2027-ci ilə qədər təxirə salmaq məcburiyyətində qalıb

Qətərin enerji sektoru pilotsuz uçuş aparatı hücumu nəticəsində yaranan fasilə səbəbilə yeni gecikmə ilə üzləşib. Məlumata görə, ölkənin aparıcı enerji şirkəti QatarEnergy mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının genişləndirilməsi üzrə böyük layihənin həyata keçirilməsini ən azı 2027-ci ilə qədər təxirə salmaq məcburiyyətində qalıb.

“İki sahil” xəbər verir ki,  məlumatı yayan Bloomberg agentliyinin mənbələrinə əsasən, pilotsuz uçuş aparatının hücumu nəticəsində Qətərin əsas enerji infrastrukturlarından biri olan Ras Laffan Industrial Citydə yerləşən zavodun fəaliyyəti dayandırılıb.

Bu hadisə ölkənin LNG istehsalı üzrə strateji layihələrinin icra qrafikinə birbaşa təsir göstərib.

Söhbət xüsusilə Qətərin nəhəng qaz yatağının işlənməsi çərçivəsində həyata keçirilən North Field East LNG Expansion Project layihəsindən gedir. Bu layihə Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır və qlobal LNG bazarı üçün mühüm əhəmiyyət kəsb edir.

Mənbələrin bildirdiyinə görə, mövcud ssenariyə əsasən layihə çərçivəsində ilk ixrac tədarüklərinin gələn ilin ilk aylarında başlanması planlaşdırılır. Lakin bu yalnız o halda mümkün olacaq ki, Ras-Laffan kompleksindəki istehsalın dayanması bir aydan artıq davam etməsin.

Ekspertlər qeyd edirlər ki, əgər Fars körfəzi regionunda gərginlik artarsa və zavodun fəaliyyəti daha uzun müddət dayandırılarsa, layihənin işə düşməsi daha da gecikə bilər. Bu isə qlobal LNG bazarında təklif balansına və enerji qiymətlərinə əlavə təsir göstərə bilər.