09 mart 2026 14:56
104

Çində benzin və dizel yanacağının qiyməti artırıb

Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahat Komissiyası ölkə daxilində benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması barədə qərar qəbul edib. Qurumun açıqlamasına görə, qiymət artımı martın 10-dan qüvvəyə minəcək və bu addım dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qərara əsasən, 2026-cı il martın 9-u saat 24:00-dan etibarən ölkə daxilində benzin və dizel yanacağının qiyməti müvafiq olaraq hər ton üçün 695 yuan (təxminən 100,7 ABŞ dolları) və 670 yuan (təxminən 97,5 ABŞ dolları) artırılacaq. Bu dəyişiklik 2026-cı ildə yanacaq qiymətlərində həyata keçirilən ən böyük artım kimi qiymətləndirilir.

Tənzimləyici qurum eyni zamanda ölkənin aparıcı enerji şirkətlərinə – China National Petroleum Corporation (CNPC), Sinopec və China National Offshore Oil Corporation (CNOOC) – yanacaq tədarükünün sabitliyini təmin etmək və dövlətin müəyyən etdiyi qiymət siyasətinə ciddi şəkildə riayət etmək barədə göstəriş verib.

Çində tətbiq olunan yanacaq qiymətləri mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuan (təxminən 7,3 dollar) və ya daha çox dəyişdikdə və bu dəyişiklik on iş günü ərzində sabit qaldıqda, daxili yanacaq qiymətlərinə avtomatik şəkildə yenidən baxılır.