09 mart 2026 15:19
182

Türkoloji Qurultay: SSRİ-nin pərdəarxası məqsədi

Bolşeviklərin hakimiyyətə gəlməsi ilə nəticələnən Oktyabr inqilabından sonra imperiyada siyasi vəziyyət dəyişdi. Əsarət altında olan xalqların azadlıq mübarizəsi geniş vüsət aldı. Onlar artıq öz müstəqil dövlətlərini yaratmaq, milli kimliklərini qorumaq istəyirdilər. Mövcud siyasi vəziyyətdən isə bolşeviklər öz məqsədləri üçün istifadə etmək qərarına gəlirlər. Bəs xalqların bu meyilləri bolşeviklərə nə qazandıracaqdı? Nəticə olaraq azadlıq mübarizəsi imperiyanın parçalanmasına, separatizm meyillərinin güclənməsinə gətirib çıxara biləcəyi düşünülsə də, bolşeviklər xalqların bu mübarizəsinə öz məqsədlərinə uyğun olacaq dərəcədə “icazə” verdilər. Araşdırmamızın əsas məqsədi imperiya tərkibində olan xalqların ideoloji müstəqilliyinin Sovet Rusiyasına nə qazandıracağını və bolşeviklərin xalqların milli ideologiyasını necə çərçivəyə salaraq öz məqsədlərinə uyğunlaşdırdıqlarını aydınlaşdırmaqdır.

Sovet Rusiyası geniş geocoğrafi məkanda öz siyasi hakimiyyətini qurmuşdu. Lakin geniş coğrafi sərhədlər daxilində olan siyasi hakimiyyəti qorumaq, stabilliyini təmin etmək olduqca çətin bir prosesdir. Bu amilləri nəzərə alaraq bolşeviklər ideoloji diplomatiya yürütmək qərarına gəlirlər. Bu məqsədlə onlar imperiya daxilində yaşayan müsəlman və türkdilli xalqlar arasında həmrəylik yaradaraq imperiyanın sərhədlərini daha da möhkəmləndirmək, bunun üçün İngiltərə və Fransa kimi müstəmləkəçi dövlətlərin Şərqdə inqilab yaymaq siyasətinin qarşısını almaq, müsəlman və türk xalqlarını sovet ideologiyasına yaxınlaşdırmaq, SSRİ daxilində ortaq mədəni platforma yaradılması yolunda addımlar atırlar.

Hələ 1920-ci ildə 37 millətdən 1891 nümayəndə heyətinin iştirakı ilə keçirilmiş Şərq Xalqlarının I Qurultayının gizli məqsədi tamamilə fərqli idi. Qurultayın keçirilməsi ilə Sovet Rusiyası Şərqdə böyük avtoritetə sahib olacaqdı. Buna görə də bir sıra Qərb dövlətləri qurultayın məhdud tərkibdə keçirilməsinə səy göstəriridilər. Nümunə olaraq onu qeyd edə bilərik ki, İngiltərə qüvvələri Trabzon, Hindistan və digər sərhəd bölgələrdə mütəmadi reydlər apararaq qurultaya iştirak məqsədi ilə yollanmış xalqların nümayəndə heyətlərinə mane olur, onları həbs edir, hətta öldürürdülər. Bu isə Qərbin İngiltərənin timsalında necə narahat olduğunu göstərirdi. Bu barədə nüfuzlu İngiltərə qəzeti “Mançester Qardian” belə yazırdı: “İndi Rusiya şərqdə həmişəkindən daha güclüdür…”.

Bakıdakı qurultaydan təqribən 6 il sonra daha məhdud tərkibdə keçirilməsinə baxmayaraq türk xalqları üçün daha müstəsna əhəmiyyətə malik qərarların qəbul olunduğu, lakin nəticəsi daha acınacaqlı olan növbəti qurultay yenidən doğma şəhərimizdə keçirildi.

1925-ci ildən keçirilməsi planlaşdırılan qurultay SSRİ Xalq Komissarları Soveti tərəfindən avqust ayında qərara alınmışdı. Qurultayın keçirilməsində əsas məqsəd türk xalqlarının mədəni inteqrasiyası, onların dili, ədəbiyyatı, tarixi ilə bağlı bir sıra mühüm qərarların qəbul edilməsi idi. Bu məqsədlə yeni – latın qrafikalı türk əlifbasının yaradılması planlaşdırılırdı. Təbii ki, sadalanan bütün bu faktorlar sadəcə gözdən pərdə asılması məqsədi ilə irəli sürülmüş fikirlər idi. Biz bunun sübutunu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin yeni əlifba layihəsi ilə bağlı 26 yanvar 1926-cı ildə Stalinə göndərdiyi məxfi sənəddə görürük. Belə ki, qurultayın çoxsaylı iştirakçılarının, habelə Başqırdıstanı, Tatarıstanı, Qazaxıstanı, Krımı və özbək xalqını təmsil edəcək nümayəndə heyətinin böyük əksəriyyətinin yeni əlifba layihəsinə qarşı çıxacaqı, Türkiyəni təmsil edən nümayəndələrin isə böyük ehtimal narazı olacaqları, bütün tədbirlərin görüldüyü, geriyə sadəcə Stalindən cavab gözlənildiyi göndərilmiş məxfi sənəddə qeyd olunurdu. Lakin işlər heç də planlaşdırıldıqı kimi getmədi. Hakim dairələrdə çalışan azərbaycanlı dövlət xadimləri və ziyalılar Sovet Rusiyasının bu məkrli siyasətindən xəbərdar olmaya bilməzdilər. Bu səbəblə qurultaydan öncə Azərbaycanı təmsil edəcək nümayəndə heyəti bir sıra addımlar atırlar. Belə ki, SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə qurultay komissiyasının sədri təyin olunan Azərbaycan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu özbək əsilli türkoloq, dilçi alim Xalid Səid Xocayevə qurultay iştirakçılarının böyük əksəriyyətinin yeni əlifbaya qarşı olacağını, bu məqsədlə də təbliğat işlərinin aparılmalı olduğunu bildirir. Məlumat üçün onu qeyd edək ki, Səməd ağa Ağamalıoğlu 1922-ci ildə Azərbaycanda yaradılan “Yeni Türk Əlifbası Komitəsi”nin sədri, Xalid Səid Xocayev isə onun ən aktiv üzü idi. Göründüyü kimi, əlifba islahatı SSRİ-nin çoxdankı planı olub. Əgər bu SSRİ-nin gələcək məqsədlərinə daxil olmasaydı, komitənin yaradılmasına Moskvadan icazə verilməzdi. Bəs burada SSRİ-nin gizli planı nə idi? SSRİ nəyə görə Səməd ağa Ağamalıoğlunun və Xalid Səid Xocayevin yeni türk əlifbasını təbliğ etmək məqsədi ilə hətta 1924-cü ildə Başqırdıstana, Qazaxıstana, Türküstana, Krıma getməsinə şərait yaratmışdı?

Xalid Səid Xocayev Səməd ağa Ağamalıoğlunun göstərişinə əsasən türk xalqlarını təmsil edəcək nümayəndə heyəti ilə öncədən görüşür və onları fikirlərindən daşındırmaqı bacarır. Son olaraq Türkiyə nümayəndə heyətindən Fuad Köprülü və Əli bəy Hüseynzadə ilə görüşən Xocayev Cumhuriyyət nümayəndələrinin yeni əlifba layihəsi ilə bağlı müsbət fikirdə olmadıqlarının fərqinə varır. Fuad Köprülü layihəyə qarşı olmadıqlarını, lakin hökumətdən razılıq almadıqlarını, yeni əlifbanın qəbul edilməsinin onlara uyğun olmadığını qeyd edir. Çünki dövlət yeni qurulmuşdu (artıq 3 il idi), müəyyən maddi sıxıntıları olduğu halda bir də yeni əlifbanın qəbul edilməsi onları daha da sıxıntılı vəziyyətə salırdı. Əgər yeni layihə qəbul edilsə idi, o zaman Türkiyə ölkə daxilində bütün kitabları yenidən nəşr etməli idi. Bu isə böyük maliyyə tələb edirdi. Söhbət əsnasında Əli bəy Hüseynzadə X.S.Xocayevə tərəf çıxaraq F.Köprülüyə Şərq türklərinin yeni əlifbanı qəbul edəcəkləri təqdirdə Anadolu türkləri ilə dil problemləri olacağını, bu halda da Anadolu türklərinin yeni əlifbanı qəbul etməkdən başqa şansları qalmadığını deyir. F.Köprülü Ə.Hüseynzadənin sözlərindən sonra X.S.Xocayevə bütün türk xalqlarının qəbul edəcəyi halında onların da qəbul edəcəyini bildirir.

Qurultay 1926-cı ilin 28 fevralından 6 martına kimi 93-ü türk (bunlardan təqribən 20 nəfəri azərbaycanlı idi), 38-i digər millətlərin nümayəndələri olmaqla ümumilikdə 131 nümayəndənin və təxminən 400-500 nəfər izləyicinin iştirakı ilə Bakı milyonçusu Musa Nağıyev tərəfindən mərhum oğlunun xatirəsinə tikdirdiyi indiki AMEA-nın Rəyasət Heyətinin binası olan İsmailiyyə Sarayında keçirilir. Türk-müsəlman dünyasında maarifçilik hərəkatının liderlərindən olan İsmayıl bəy Qaspıralı və Alman əsilli rus alimi, Türk xalqlarının dili, mədəniyyəti və folkloru üzərində tədqiqatlar aparan Vasili Rodlovun şərəfinə həsr olunmuş qurultayda 17 iclas keçirilir, 38 məruzə dinlənilir.

Qurultayda əsas müzakirə mövzusu islah olunmuş ərəb əlifbası və latın qrafikalı yeni əlifbaya keçid arasında idi. Nümayəndə heyətinin bir qismi yeni əlifbanın tərəfdarı idi. Lakin ərəb əlifbasının da tərəfdarları az deyildi. Bu fikrin müdafiəçilərinə görə ərəb əlifbasından imtina min illik mənəvi mirasdan imtina demək idi. Çünki türk xalqlarının maddi və mənəvi mədəniyyət nümunələrinin çoxu ərəbcə idi. Yeni əlifbaya keçid isə bu dəyərlərdən uzaqlaşmaq demək idi. Amma digər əsas məsələ xalqın savadlanması problemi idi. Ərəb əlifbasının mövcudluqu şəraitində bu proses olduqca ləng gedəcəkdi. Buna səbəb isə ərəb dilinin tədrisinin olduqca çətin olması idi. Beləliklə, qurultay iştirakçılarının qarşısında iki seçim dayanır: ya min illik mədəni irslərinin qələmə alındığı ərəb dilinin islah olunmuş variantını seçməli idilər ya da bu mirasdan gələcək nəslin savadlanması naminə imtina edib yeni əlifbanı qəbul etməli idilər. Nəticədə isə belə qərara gəlinir ki, türk xalqının inkişafı əlifbadan birbaşa asılıdır. Yeni əlifba qəbul ediləcəyi təqdirdə türklər müasir dünyaya daha rahat adaptasiya ola biləcəklər. Tarixi irs məsələsinə gəldikdə isə, çətin də olsa yeni əlifba ilə onu yenidən canlandırmaq olardı.

Türkiyə Cumhuriyyəti bu məsələyə neytral qalmasına və qazax və qırğız nümayəndələrinin etiraz etmələrinə baxmayaraq qurultayın yekununda yeni əlifba layihəsi qəbul edilir.

Qurultayın keçirilməsində SSRİ-nin maraqları nə idi? Qurultay niyə görə məhz Bakıda keçirildi? Niyə görə əlifba islahatı SSRİ-nin əsas siyasəti idi? Bu sualları araşdırarkən daha dolğun cavab əldə etmək, SSRİ-nin məqsədini daha təfsilatlı anlamaq üçün Şərq Xalqlarının I Qurultayına da nəzər yetirməmiz vacib idi. Ona görə də sizə təqdim etdiyimiz cavablarda hər iki qurultaydan da nümunələr gətirəcəyik.

Hər iki qurultayın məqsədi Sovet hökumətinin Şərq və türk xalqlarını öz təsirində saxlamaq niyyəti idi. Bəs bu yolda niyə görə Sovetlər əlifba siyasətini seçir? Fikrimizcə burada iki əsas faktor var. Birincisi, bolşeviklər öz siyasətləri ilə onu göstərməyə çalışırdılar ki, sanki onlar imperializmə qarşıdırlar, Qərb müstəmləkə siyasəti ilə Şərq xalqlarını əsarət altına salmaq planındadır, bolşevikər isə sözügedən xalqların tərəfindədir. Akademik Nizami Cəfərova görə qurultayın keçirilməsində Sovet hökumətinin əsas məqsədi əsarətdə olan xalqlara özünün humanistliyini göstərmək istəyi idi. SSRİ belə etməklə sanki xalqlara öz müqəddəratlarını özlərinin təyin etməsi səlahiyyətini vermiş, bununla da onları özünə cəlb etmişdi. Burada onların əsas güddüyü məsələ xalqlar arasında həmrəylik yaratmaq idi. Yazımızın əvəlində qeyd etdiyimiz kimi, bu həmrəylik bolşeviklərə baha başa gələ bilərdi. Ona görə də onlar bunun dar çərçivə daxilində inkişafına icazə verirlər. Belə ki, SSRİ-nin bu siyasəti pantürkizmə gətirib çıxaracaq ideoloji azadlıq deyil, Moskvanın nəzarətində olan “həmrəylik” idi. Türk, həm də Şərq xalqları arasında olan bu məhdud həmrəylik geniş ərazini əhatə edən Sovet hokuməti üçün rahat idarəetmə aləti idi. Xalqlar arasında mədəni əlaqəni yaratmaqla və bu əlaqənin çox da inkişafına imkan verməməklə imperiya xarici təhdidlərdən, həm də separatizm meyillərindən uzaq olacaqdı.

İkinci və ən əsas amil isə SSRİ-nin xalqları ruslaşdırmaq siyasəti idi. Ərəb əlifbasının mövcudluqu zəminində bu proses çox çətin olacaqdı. Ərəb əlifbası və Şərq dünyası bir-biri ilə vəhdət təşkil edirdi. Türk xalqları ərəb əlifbasında qalsa idi onların bir-biri ilə əlaqələri güclü olacaq, mədəni bağları qoparmaq müşkül olacaqdı. Ona görə də Sovetlər birliyi bu məkrli siyasəti yürütmək üçün əlifbanı alət olaraq istifadə edir.

Bəzən üçüncü, lakin mübahisə doğuran daha bir faktor da irəli sürülür. Belə ki, bolşeviklər xalqların yatmış beynini oyadacaq insanları tanımaq, daha sonra müəyyən bəhanələrlə onları aradan götürmək üçün üçün bu qurultayın keçirilməsinə şərait yaradır, sonra isə türkçü-millətçi damğası ilə həmin şəxsləri repressiyaya məhkum edir.

Sadalanan bütün bu amillərlə yanaşı onu da qeyd etməliyik ki, yeni əlifba türk xalqlarınını inkişafına zəmin yaradacaqdı. Belə ki, ərəb əlifbasının öyrənilməsi çətin olduğu üçün əhalinin böyük qismi oxuma-yazma bilmirdi. Yeni əlifbanın tətbiqi isə əhalinin savadlılıq dərəcəsinin artmasına səbəb olacaqdı və bu da öz növbəsində elmi və texnoloji inkişafa gətirib çıxaracaqdı. Beləliklə, latın qrafikalı əlifbaya keçid etməklə türk xalqlarının modernləşmə və dünyəviləşmə prosesi sürətlənəcəkdi.

Ərəb əlifbası ərəb dili üçün mükəmməl əlifbadır. Lakin bu mükəmməllik funsiyasını ərəb əlifası türk dillərinə tətbiqində itirir. Türk dilində bəzi səslərin qarşılıqı ərəb əlifbasında olmadığı üçün bu əlifba türk dilləri ailəsi üçün çox da uyğun hesab edilmir. Öyrənilməsi daha asan və fonetik cəhətdən türk dillərinə daha uyğun olan latın əlifbası isə daha məqbul hesab edilir.

Türkoloji qurultayın Bakıda keçirilməsi heç də təsadüf deyildi. Xatırlatma olaraq onu da qeyd edək ki, Şərq Xalqlarının I Qurultayı da Bakıda keçirilmişdi.

Sözü gedən qurultayların Bakıda keçirilməsinin ən əsas səbəbi Bakının coğrafi şəraiti idi. Şəhər regionda mühüm strateji əhəmiyyət kəsb edirdi. Bakı Şərqə açılan qapı hesab olunurdu. Hətta Azərbaycan SSRİ-də pilot bölgə olaraq seçilmişdi. 1922-ci ildən etibarən Bakıda latın qrafikalı qəzetlər nəşr olunur, dərslər bu əlifbaya əsasən tərtib olunmuş dərsliklər vasitəsi ilə tədris olunurdu.

Bakı vasitəsi ilə imperiyanın digər regionlarına təsiri asan idi. Lakin qurultay digər şəhərlərdə keçirilsə idi, biz bu haqda eyni fikri səsləndirə bilmərik. Digər əsas səbəb Azərbaycanın, həmçinin Bakının həmin dövrdə böyük inkişafı idi. Bakının arxitektik quruluşu həmin dövrdə SSRİ-nin digər şəhərlərini dəfələrlə qabaqlayırdı. O cümlədən, böyük türk ziyalıları da Bakıda fəaliyyət göstərir, müxtəlif xalqların nümayəndələri Bakı Dövlət Universitetində təhsil almaq üçün Azərbaycana yollanırdılar. XX əsrin əvvəllərində elə bir türk xalqı yox idi ki, onun nümayəndəsi gəlib Bakıda fəaliyyət göstərməsin. Azərbaycanda zəngin mədəni həyat və imperiyanın digər respublikalarında olmayan türkoloji mühit var idi.  Bütün bunlar isə qurultayın keçirilməsi üçün mühüm əsaslardır.

Birinci Türkoloji Qurultay RSFSR-in tərkibində yaşayan türk xalqlarının əlifba, orfoqrafiya, termin, qohum dillərin qarşılıqlı əlaqəsi və ümumilikdə türk dillərinin ədəbi və tarixi problemləri ilə bağlı bir sıra mühüm qərarlar verilsə də, bu qərarlar sonradan ləğv edilir. Belə ki, türk xalqları yeni, latın qrafikalı əlifbadan istifadəyə başlasalar da 1939-cu ildə bu qərar ləğv edilərək kiril əlifbası ilə əvəzlənir.

Qurultayın nümayəndə heyətinin taleləri isə acınacaqlı olur. Demək olar ki, onların hamısı sonradan türkçülük, millətçilik, əks-inqilabi fəaliyyətlə günahlandırılaraq 1937-38-ci illərdə Stalin repressiyasının qurbanı olurlar.

Nəbi Sadıqov,
Bakı Dövlət Universitetinin tələbəsi