07 mart 2026 11:20
457

Azərbaycan qadınları: Vətənə sədaqət nümunəsi

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquqlarının müdafiəsinin, onların cəmiyyət həyatındakı rolunun və nailiyyətlərinin qeyd olunduğu əlamətdar tarixdir. Bu gün həm də Azərbaycan qadınının tarix boyu göstərdiyi fədakarlığın, müdrikliyin və vətənpərvərliyin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tarixin bütün mərhələlərində xanımlar ailənin dayağı olmaqla yanaşı, dövlətçilik ənənələrinin qorunmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında və cəmiyyətin inkişafında mühüm rol oynamışdır.

Tarixən qadınlar ictimai-siyasi proseslərin fəal iştirakçıları olmuşlar. Müxtəlif mərhələlərdə xanımlar Vətənin müdafiəsində yaxından iştirak etmiş, dövlət quruculuğu və siyasi proseslərdə əsl vətənpərvərlik nümunəsi göstərmişdir. Xalqımızın ən qədim yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları cəsarət, sədaqət və müdriklik simvolu kimi təqdim olunur. Dastanda qadınlar yalnız ailə ocağının qoruyucusu deyil, eyni zamanda savaş meydanında igidlik göstərən qəhrəmanlar kimi təsvir edilir.

Azərbaycan tarixində qadın liderlərin fəaliyyəti də xüsusi yer tutur. Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris kimi görkəmli qadınlar dövlətçilik ənənələrinin qorunmasında və siyasi diplomatiyada mühüm rol oynamışlar. Nigar, Həcər və Tutu Bikə kimi qəhrəman qadınların igidliyi isə xalqın yaddaşında vətənpərvərlik nümunəsi kimi yaşayır. Qadınların ölkəmizin ictimai-siyasi həyatında fəallığı XX əsrin əvvəllərində yeni mərhələyə qədəm qoydu. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqlarının təmin olunması istiqamətində mühüm addım atdı. Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun verilməsi Azərbaycan dövlətçiliyinin demokratik ənənələrinin parlaq göstəricisi oldu. Azərbaycan qadınları parlament, təhsil, mədəniyyət və digər sahələrdə fəallıq göstərərək ölkənin inkişafına mühüm töhfələr verdilər. Bu addım dünyanın bir çox ölkələrindən daha əvvəl atıldığı üçün qadın hüquqlarının təmin edilməsində mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Azərbaycan qadınları tarixən milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunmasında mühüm rol oynamışlar. Sürətlə inkişaf edən maarifçilik hərəkatı qadınların təhsil və elm sahələrində fəallığını artırmış, onların cəmiyyət həyatında rolunu daha da gücləndirmişdir. Keçmişimizin unudulmaz səhifələrində möhkəm iradəyə malik qadın şəxsiyyətlərinin fəaliyyəti bu gün də nümunə kimi göstərilir. Müasir Azərbaycan qadınları da öz dərin zəkaları, intellektual potensialları və yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətə fədakarcasına xidmət edirlər.

Müstəqil Azərbaycan dövlətində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.

1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi dövlət gender siyasətinin inkişafında mühüm mərhələ oldu. Bu qurultay qadınların dövlətçilik mövqeyinin möhkəmləndirilməsi və onların cəmiyyət həyatında rolunun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Həmin ildən etibarən hər beş ildən bir qadın qurultaylarının keçirilməsi bu sahədə dövlət siyasətinin ardıcıl həyata keçirildiyini göstərir. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2006-cı ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm institusional addımlar oldu.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq proqramdır. Müstəqillikdən sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmış, normativ hüquqi baza və institusional mexanizmlər yaradılmışdır. Bu siyasət qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakını təmin etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların bərabər hüquq və azadlıqlara malik olduğunu təsbit edir. Bu prinsip ölkədə gender bərabərliyinin təmin olunmasının hüquqi əsasını təşkil edir. 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qadın hüquqlarının qorunması istiqamətində mühüm hüquqi sənədlərdir. Bundan əlavə, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşularaq qadın hüquqlarının müdafiəsi sahəsində mühüm öhdəliklər götürmüşdür.

Azərbaycan Respublikasında qəbul olunmuş 2026–2028-ci illər üçün Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı qadınların ictimai fəallığının artırılması, onların sosial və iqtisadi imkanlarının genişləndirilməsi, eləcə də gender bərabərliyinin təşviqi istiqamətində mühüm tədbirləri nəzərdə tutur. Plan çərçivəsində qadınların rəqəmsal savadlılığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil müəssisələrində gender bərabərliyinin tədrisi və sosial cəhətdən həssas qruplara dəstək kimi istiqamətlər əsas prioritetlər kimi müəyyən edilmişdir.

Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və sahibkarlıq sahələrində mühüm nailiyyətlər əldə edirlər. Statistik göstəricilər də bunu təsdiqləyir. Ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. Ümumi işçi qüvvəsində qadınların payı 48 faizdən çoxdur. Qadın sahibkarların sayı da son illərdə artaraq iqtisadi inkişafda mühüm rol oynamağa başlamışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildə 4 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 39 faizdən çox olmuşdur. Azərbaycan qadınları Milli Məclisdə də uğurla təmsil olunur. Parlamentin müxtəlif çağırışlarında qadın deputatların sayı artaraq VII çağırışda 26 nəfərə çatmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva humanitar və sosial təşəbbüsləri ilə Azərbaycan qadınının beynəlxalq nüfuzunun artmasına böyük töhfə verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin, təhsilin və humanitar dəyərlərin təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində həyata keçirilən humanitar və sosial layihələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və ölkənin “yumşaq güc” siyasətinin inkişafına mühüm töhfə verir.

Tarix boyu Azərbaycan qadınları müqəddəs ana adını uca tutmaqla yanaşı, cəmiyyətin inkişafında fəal rol oynamışdır. Dövlət müstəqilliyinin bərpasından sonra qadınların ictimai və siyasi həyatda rolu daha da artmışdır. Bu gün qadınlarımız dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə və müxtəlif sahələrdə uğurla təmsil olunaraq ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verirlər. Onlar həm də ordu quruculuğunda xidmət edərək Vətən qarşısında vəzifələrini şərəflə yerinə yetirirlər.

Azərbaycan qadınları zəngin mənəvi dəyərləri, yüksək intellekti və vətənpərvərliyi ilə ölkənin inkişafında mühüm rol oynamaqda davam edir. Bu isə göstərir ki, xanımlar cəmiyyətimizin tərəqqisinin və gələcək inkişafının əsas aparıcı qüvvələrindən biridir.

Elşən Alıyev,

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini