08 mart 2026 14:21
275

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Möhtərəm cənab prezident İlham Əliyev və Birinci vitse – prezident Mehriban Əliyevanın diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərin fəal iştirak edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və bu sahədə qanunvericilik bazasının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyət müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi- normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm Sərəncam və Fərmanlar imzalamışdır. Mən bir çox misallar gətirə bilərəm. Bunlardan ən birincisi Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyadır. Bu sənəd heç bir ayrı- seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən, Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələrlə və digər qanunlarla təsbit olunmuşdur. Azərbaycan 1992-ci ildə avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulmuşdur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.

 

Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Azərbaycanda müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Bununla bağlı, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım qadınlara çağırış da etmişdir: “ Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara keçid siyasətini həyata keçiririk. Ona görə də qadınlarımızı daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırırıq”.

Əgər qadınlar öz güclərinə inanıb, potensiallarını inkişaf etdirsələr, həm ailəsinin rifahı üçün, həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhfələr verməyə qadirdilər. Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, o zaman tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz, bu mümkün deyil.  Deməli tərəqqi biz qadınların əlindədir, istəsək ailəmiz üçün də, cəmiyyət üçün də faydalı ola bilərik.

Hələ XX əsrdə Azərbaycanın görkəmli şairi Hüseyn Cavid yazırdı ki, 

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

Hər bir cəmiyyətdə əhalinin yarısını qadınlar təşkil edir və əgər biz tam nəticə əldə etmək, davamlı inkişafa nail olmaq istəyiriksə, o zaman qadınlar üçün yeni imkanlar açmalıyıq. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadın hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı artmışdır. Lakin əlbəttə ki, bəzi çətinliklər də var, gender əsaslı zorakılığa qarşı mübarizə davam etdirilməlidir, aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində hələ də stereotiplər mövcuddur, bunu aradan qaldırmalıyıq. Xüsusilə də qadınlarda özünə inam hissi olmalıdır. Bu inam hissini biz 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid anaları, şəhid bacıları, həyat yoldaşları şəhid olmuş xanımlarla qürur duyuruq! Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor