08 mart 2026 10:28
126

ABŞ və İsrail İrana xüsusi qüvvələr göndərə bilər

ABŞ və İsrail İranla müharibənin sonrakı mərhələsində yüksək zənginləşdirilmiş uran ehtiyatını qorumaq üçün İrana xüsusi qüvvələr göndərməyi müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” saytı İsrail və ABŞ mənbələrinə istinadla məlumat yayıb.

Sayt bildirir ki, materialı ələ keçirmək üçün hər hansı əməliyyatın keçirilməsi və böyük ehtimalla müharibənin ortasında ABŞ və ya İsrail qoşunlarının İran ərazisində, güclü şəkildə möhkəmləndirilmiş yeraltı qurğularda hərəkət etməsi tələb olunacaq.

Hələlik məlum deyil ki, bu, Amerika və İsrailin ayrılıqda, yoxsa birgə missiyası olacaq. Bildirilir ki, əməliyyat yalnız İran ordusunun müharibədə iştirak edən qarşı qüvvələrə ciddi təhlükə yaratmayacağına əmin olunduqdan sonra həyata keçiriləcək.

İsrail müdafiə rəsmisi qeyd edib ki, Tramp və komandası xüsusi missiyalar üçün İrana xüsusi əməliyyat bölmələri göndərməyi ciddi şəkildə nəzərdən keçirirlər.