07 mart 2026 15:22
104

Kolumbiya Yaxın Şərqdə zorakılığın artmasını pisləyir və dərhal atəşkəsə çağırır

Yaxın Şərqdə zorakılığın artması fonunda Kolumbiya hökuməti regionun bir sıra ölkələrində mülki əhaliyə və mülki obyektlərə qarşı həyata keçirilən hücumları kəskin şəkildə pisləyib və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət portalında rəsmi bəyanat yayımlanıb. Bəyanatda bildirilir ki, mülki əhali və mülki infrastruktura qarşı hücumlar icmaları qorxu və təhlükə qarşısında qoyur. Bu cür hərəkətlər beynəlxalq humanitar qanunun açıq şəkildə pozulmasıdır.

Kolumbiya hücumları qınayaraq region ölkələrinin - Azərbaycan, Bəhreyn, Qətər, Türkiyə, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrin xalqları ilə həmrəy olduğunu bəyan edib.

Bəyanatda vurğulanır ki, baş verən hadisələr regionda sabitlik, təhlükəsizlik və sülh üçün ciddi təhdid yaradır. Kolumbiya hökuməti hərbi əməliyyatların dərhal dayandırılmasına, mülki əhalinin həyatının qorunmasına və regional sabitliyin saxlanmasına yönəlmiş bütün səyləri dəstəklədiyini bir daha bəyan edib.

Kolumbiyanın mövqeyinə görə, mövcud gərginliyin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür. Rəsmi bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət münaqişənin daha da genişlənməsinin qarşısını almaq və davamlı sülhə nail olmaq üçün səylərini artırmalıdır.

Kolumbiya həmçinin beynəlxalq hüququn və BMT Nizamnaməsinin əsas prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib. Bunlara beynəlxalq sülh və təhlükəsizliyin qorunması, mübahisələrin sülh yolu ilə həlli, güc tətbiqinin və ya onunla hədələmənin qadağan edilməsi, dövlətlərin suveren bərabərliyi, suverenliyə, ərazi bütövlüyünə və siyasi müstəqilliyə hörmət, eləcə də daxili işlərə qarışmamaq prinsipi daxildir.

Sonda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Kolumbiya bütün tərəfləri təmkinə, gərginliyin azaldılmasına, diplomatiyaya qayıtmağa və beynəlxalq hüquqa ciddi şəkildə riayət etməyə çağırmağa davam edəcək. Həmçinin mövcud çoxtərəfli mexanizmlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.