Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə Agentliyin uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.
Uşaqlar hazırladıqları hədiyyələri və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Onların ifasında şeir, musiqi və rəqs nümunələri böyük marağa səbəb oluıb.
Proqram çərçivəsində təşkil olunan əyləncəli oyunlar görüşə rəngarənglik gətirib və xoş xatirələrlə yadda qalıb.
Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.