07 mart 2026 11:29
104

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Fransanın suveren borc reytinqini A+ səviyyəsində saxladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla yanaşı, agentlik ölkənin yüksək dövlət borcu və nisbətən zəif iqtisadi artım potensialı ilə bağlı xəbərdarlıq edib.

Agentliyin bəyanatında qeyd olunur ki, Fransa iqtisadiyyatının böyük və müxtəlif olması, həmçinin yüksək gəlirli iqtisadi struktura malik olması bu qərarın əsas səbəblərindən biridir.

“Fitch Ratings” həmçinin vurğulayıb ki, ölkədə adambaşına düşən gəlir və idarəetmə göstəriciləri A+ kateqoriyasında qiymətləndirilən ölkələrin median səviyyəsindən daha yüksəkdir.

Bununla belə, agentlik Fransanın artmaqda olan dövlət borcunun, orta müddətdə büdcə balansının yaxşılaşdırılmasını çətinləşdirən sosial-siyasi mühitin və nisbətən zəif iqtisadi artım potensialının reytinq üçün risk yaratdığını bildirib.

Fransanın iqtisadiyyat naziri Roland Lekür qərarı müsbət qarşılayaraq bildirib ki, bu qiymətləndirmə hökumətin 2026-cı il büdcəsi çərçivəsində dövlət maliyyəsini nəzarətdə saxlamaq istiqamətində gördüyü tədbirlərin davamıdır.

Nazir vurğulayıb ki, hökumət büdcə kəsiri və dövlət borcunun azaldılması istiqamətində səylərini davam etdirəcək.

“Fitch Ratings” ötən ilin sentyabrından etibarən Fransanın borcunu A+ səviyyəsində qiymətləndirir və bunu “orta-yüksək keyfiyyətli” borc kateqoriyası kimi xarakterizə edir.

Buna baxmayaraq, 2026-cı il büdcəsi hökumətin gözlədiyindən daha az büdcə kəsiri azaldılması ilə qəbul edilib. Maliyyə qanununda kəsirin ÜDM-in 5 faizi səviyyəsində olması nəzərdə tutulur. İlkin layihədə bu göstərici 4,7 faiz idi. Müqayisə üçün, 2025-ci ildə büdcə kəsiri 5,4 faiz təşkil edib.

Fransa ilə bağlı yaxın həftələrdə digər iki böyük reytinq agentliyi də qərar verəcək. “Moody's” aprelin 10-da, “S&P Global Ratings” isə mayın 29-da öz qiymətləndirməsini açıqlayacaq.