06 mart 2026 11:20
220

SOCAR-ın prezidenti Kot-d’İvuarda səfərdə olub - FOTO

SOCAR prezidenti Rövşən Nəcəf Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Qeyd edək ki, səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub.

Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkəti olan “PetroCI”nin rəhbər heyəti ilə görüşlərdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Görüşlərdə SOCAR tərəfindən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.