Azərbaycanın 2020-ci ildə pandemiya zamanı bağlanan quru sərhədləri hələ də açılmayıb. Şübhəsiz, bu, hər şeydən əvvəl, geosiyasi vəziyyətdəki gərginlikdən irəli gəlir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bu addım ölkəmizin təhlükəsizliyinin təmin olunması baxımından atılıb.
Hətta dövlətimizin başçısı çıxışlarının birində bildirmişdir ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində bu məsələ ilə bağlı demişdir: “Sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün, bu, yeganə düzgün addımdır”. Bu mənada quru sərhədlərin bağlı saxlanılmasını ölkəni qoruyan önəmli bir addım kimi dəyərləndirmək olar. Siyasətçilər Azərbaycanda quru sərhədlərin uzun müddət bağlı qalmasını regionda baş verə biləcək geosiyasi sarsıntıların əvvəlcədən hiss edilməsi kimi şərh edirlər.
Qeyd edək ki, hazırda dünyanın müxtəlif regionlarında müharibələr gedir, münaqişələr səngimək bilmir. Başqa sözlə desək, beynəlxalq münasibətlər sistemində dövlətlər qurulacaq yeni nizamda söz sahibi olmaq üçün var gücləri ilə çalışırlar. Son dövrlər regionumuzda baş verən hadisələr, xüsusilə İran ətrafında cərəyan edən proseslər sərhəd siyasətinə təsir edən amillər sırasındadır. Azərbaycanın şimal qonşusu da hərbi-siyasi gərginlik şəraitindədir. Üstəlik, ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin sərhədlərimizin açıq olmasından sui-istifadə edəcəklərini də bura əlavə etmək olar. Onu da bildirək ki, sərhədlərin bağlı qalması ölkəyə miqrant axınının idarə olunmasına kömək etməklə yanaşı, qeyri-qanuni yollarla idxal edilən malların qarşısını almağa və daxili bazarı qorumağa da imkan verir. Bir məsələni də vurğulayaq ki, ölkəmizin yerləşdiyi regionda terrorçuluq riski həmişə mövcud olub. Belə ki, qonşu ölkələrdə radikal dini qruplar, müxtəlif terror təşkilatları daim fəaliyyət göstərirlər. Bu baxımdan quru sərhədlərin bağlı qalması təhlükəsizlik prizmasından daha əsaslandırılmış qərardır.
Bir sözlə, bölgədə cərəyan edən proseslər və dəyişkən geosiyasi reallıq quru sərhədlərin bağlı qalmasının daha əsaslı və ehtiyatlı qərar olduğunu, Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğunu bir daha ortaya qoyur. Bəli, Azərbaycanın quru sərhədlərinin bağlanmış vəziyyətdə qalması həm də real, obyektiv və ictimai təhlükəsizliklə bağlıdır. Bütün bunlar ölkəmizin quru sərhədlərinin bağlı saxlanılması barədə qərarının nə qədər uzaqgörən və strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Bu mənada demək olar ki, Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür. Yeri gəlmişkən, bu məsələdə hakimiyyətin atdığı addımları təqdir edənlərlə yanaşı, tənqid edənlər də vardı. Hətta onlar bildirirdilər ki, sərhədlər bağlı qaldıqca turistlərin Azərbaycana gəlişində artım olmayacaq, qonşu ölkələrdə yaşayan soydaşlarımızla əlaqə çətinləşəcək və s. Amma zaman ölkə rəhbərliyinin heç bir qərarı əsassız qəbul etmədiyini bir daha göstərdi. Bəli, bu gün ətrafımızda baş verən hadisələr bir daha onu göstərir ki, quru sərhədləri bağlı saxlamaqda Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin edib. Vətəndaşlarımızın təhlükəsizliyinin təminatı isə Azərbaycan dövlətinin bir nömrəli vəzifəsidir. Qlobal sabitliyin zəiflədiyi bir dövrdə sərhədlərin bağlı saxlanılması olduqca düzgün addımdır. Bu mənada demək olar ki, bu addım təqdirəlayiqdir.
Siyasətçilərin fikrincə, sərhədlərlə bağlı gələcək qərarlar bölgədə davam edən proseslərin nəticəsindən, təhlükəsizlik mühitinin sabitləşmə səviyyəsindən asılı olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”