29 aprel 2026 19:20
117

Diaspor təşkilatlarımız Zohraninin sərsəmləmələrini pislədilər

Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanı o kəslər, o ölkələr ittiham edirlər ki, türklərlə və müsəlmanlarla problemləri var. O da məlum olur ki, bəzən düşmənlərin sırasında müsəlmanlar da yer alıb. Nyu-York şəhərinin meri kimi.

ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Mamdaninin 1915-ci il hadisələri ilə bağlı "X" platformasındakı paylaşımında Azərbaycanı əsassız şəkildə ittiham etməsi dünya azərbaycanlılarında ciddi narazılıq doğurub. Dünyanın bir çox ölkələrindəki Azərbaycan və Türkiyə diasporlarının üzvləri meydanlara çıxaraq tutduğu posta layiq olmayan birisinin sərsəm fikirlərinə qarşı çıxıblar. Verilən bəyanatlarda göstərilir ki, Zohran tarixi hadisələrdən xəbərsiz olsa da qərəzli fikirlər söyləyir, türklərə və müsəlmanlara nifrətini gizlətmir. Hazırkı baş nazir Nikol Paşinyan uydurma “genosid” məsələsinə münasibət bildirərkən qeyd edib ki, bunu davam etdirmək Ermənistana ziyandan başqa heç nə gətirməz. Əvvəllər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan rəhbərlərinə mesaj verdi ki, bu işlə tarixçilər məşğul olsun, amma istəyirsinizsə əsl həqiqəti aşkara çıxarmaq üçün gəlin arxivləri açaq. O tələbdən sonra bir çox ölkələrdəki ermənilərin səsi çıxmadı. Əslində saxta “genosid” kimi qorxulu nağıl Ermənistanı xalqlarla sonu görünməyən bir düşmənçiliyə aparır.

Bəyanatlarda Zhhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyi vurğulanıb. Bildirilib ki, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və işğal nəticəsində yaranan qanunsuz vəziyyətlərin tanınmaması kimi prinsiplər müasir beynəlxalq hüququn təməl dayaqlarını təşkil edir: "Merin bəyanatında Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkətlərinin "hücum", "məcburi köçürmə" və ya "soyqırımı kampaniyası" kimi təqdim edilməsi reallıqdan uzaq, qərəzli və məsuliyyətsiz yanaşmadır". Çox güman ki, bu iylənmiş ifadələri mer daşnakların ağzından alıb, çünki həmin sözlər daşnakların çıxışlarında təkrar olunur.

Diaspor təşkilatları Azərbaycan xalqına qarşı səsləndirilən əsassız ittihamlara görə üzr istənilməsini və gələcəkdə bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsini tələb ediblər.

Bəyanatlar Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmov, Helsinki Azərbaycan Evinin rəhbəri, "Azər-Türk" Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Praqa Azərbaycan Evinin və "Natəvan" Cəmiyyətinin rəhbəri Leyla Begim Cəfərova, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə əlaqələndiricisi, İsveçdə Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Finlandiya üzrə əlaqələndiricisi Mona Savojifar və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Oktay tərəfindən ünvanlanıb.

Kanadada fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “Az Media” Media qrupu, eləcə də İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Nyu York merinin iddialarının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayaraq ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq ondan bu məsələyə diqqət yetirməsini xahiş ediblər.

Məktublarda Nyu-York merinin Azərbaycan xalqına qarşı səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib. Qeyd olunub ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalar konstruktiv prosesə mənfi təsir göstərə bilər. Eyni zamanda vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub, onların sosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımlar atılıb. Mülki şəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb. Deməli, Zohrani özünün türklərə və Azərbaycana antipatiyasını gizlədə bilməyib.

Yəqin ki, ABŞ rəhbərliyi və ictimaiyyəti böyük bir şəhərin başçısının belə ləyaqətsiz, cılız və düşünülməmiş hərəkətlərinə qiymət verəcəklər.

Vəli İlyasov, “İki sahil”