05 mart 2026 15:15
58

Dövlətin qadınlarla bağlı siyasəti daha da genişlənməkdədir

“Yerə ensəm də səma şairiyəm” deyən böyük şair Hüseyn Cavidin

Qadın gülərsə şu işsiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

misraları duyanların, duyumluların düşüncələrinin ruhuna dönmüşdü. Bu ruh Azərbaycanda da öz bəşəri fəlsəfəsi ilə yaşadılırdı. Neçə yüz illərin o üzündə qalanları xatırlayaq, yaşanılmışların ma­hiy­yətini yada salaq. O çağlarda – dövlətlər, dövlətlər arasında sərhədlər yaranmağa başlayanda sö­zü qılınc deyirdi, qılınc qurşayıb torpaqları müdafiə edənlərin sırasında qadınlar da olurdu. Tom­risi xatırlayaq. Dara kimi qana susamış qəddar bir sərkərdəni “zəbun” edən Tomris qüdrətin qa­dın­­lara da aid olduğunu tarixləşdirdi. Uzun Həsənin anası Sara xatun Şərqdə ilk diplomat qadın ol­du. Onun apardığı siyasət oğlunun hakimiyyətinin ömrünü uzadırdı. Bərdə hökmdarı Nüşabə İs­gəndər kimi bir fatehi dərrakəsi ilə heyrətlən­dirmişdi. Tuti Bikə Quba xanlığının yaşamında, si­ya­si həyatında, dövlətlərarası münasibət­lərində düşün­cəsiylə, hadisələrə ayıq və gərəkli müna­si­bə­­tiylə şöhrətlənmişdi. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud”u – tarixin 130 il əv­vəl­lərini xatırlayaq, bu tarixi möcüzə əsərində qadınların hünərindən də söz açılır...

Tarix deyir ki, 1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb...

Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart Bey­nəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edib. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmiləşib...

Tarixi gerçəklik budur ki, Şərqdə qadınların bəşərilikdən ilk dəfə bəhrələnməsi – seçib-seçil­mək hüququna malik olması Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. Bu, qadınların hə­ya­tın fəal müstəvisində fəaliyyəti demək idi. O dövrlərdə qadınların da təhsil almasına ciddi qay­ğı göstərilirdi, qadınlar da mərhələlərlə təhsil alırdı. Bu təhsil onların ictimai həyatda daha fəal işti­ra­kını təmin edirdi. Zaman keçdikcə qadınlar nəinki təhsil alırdılar, həm də elmdə, incəsə­nət­də, ədəbiyyatda, siyasətdə, dövlət idarəçiliyində, ... təmsil olunurdular.

Qadınların ictimai həyatda daha geniş iştirakı dövlət sənədlərində də təsbit edilirdi. Bu, öz əksini dövlətin əsas qanununda – Konstitusiyasında da tapdı. Azərbaycan Respublikasının Kon­stitu­siyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyin­dən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidə­sindən, siyasi partiyalara, həmkarlar ittifaq­larına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azad­lıq­la­rının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu pro­ses­lər də ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxar­mış­dır.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyan­na­mə­si və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dün­ya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün in­ki­­şaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib.

Bir tarixi məqamı da xatırlayaq: qadınların ictimai-siyasi fəaliyyətini təşkilatlandırmaq məq­sə­di ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Qurultay qadın siyasəti baxımından tarixi hadisə oldu. Azərbaycanda milli-azadlıq hərəkatında da olduqca fəal iş­ti­rak edən Azərbaycan qadınları Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da si­yasi hadisələrin seyrçisi deyildi, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin də iştirakçısıydı, bu iştirak Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə şərtlənirdi. Azər­baycan qadın­la­rının mövqeyi həmişə milli dövlətçiliyin müdafiəsi olub. Bu qurultayda da məhz bu kimi mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azər­baycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əla­mət­dar və böyük hadisə­lər­dən biri kimi qiymətləndirilir.

Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tövsiyələri əsasında bu gün yeni meyarlarla, daha əhatəli səviyyədə davam etdirilir.

Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edən Azərbaycan­da gender siyasətinin də bəşəri tələblərə cavab verməsi, qadın hüquqlarının müdafiəsi, qadınlara yaradılan imkanların genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gen­der (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasını təmin etdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə gender bə­ra­bərliyi baxımından gərəkli işlər görülüb, normativ hüquqi baza formalaşdırılıb, institusional mexanizmlər yaradılıb. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişi­lər­lə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan verir. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inki­şa­fı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib, onlar arasında işsizliyin səviy­yə­si­nin azaldılmasına səbəb olub. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parla­ment və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proses­lər­də fəal iş­tirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Azərbaycanda qadın siyasəti Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar ta­rixli Fərmanı  ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıl­ması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasi­bət­də ayrı-seç­ki­liyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gə­lən  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadın­la­rın rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanması, “Azərbaycan Respub­li­ka­sında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanması, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması, və s. kimi sənədlərlə şərtlənir. Fəaliyyət Planı milli prioritetləri nəzərə ala­raq, siyasəti, iqtisadiyyatı, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir...

Azərbaycan beynəlxalq  təşkilatlara, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyaya, Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdi­yi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” konvensiyasına. “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiyasına, “Analığın mühafizəsi haq­qında” konvensiyalara qoşulub, müxtəlif konvensiyaları, protokol­ları qəbul edib, milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbay­can qadının nüfuzunu daha da yüksəldir. Bu hərtərəfli parlaq fəaliyyət, xeyirxahlıq missi­yası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizin siyasi nüfuzunu daha da yüksəldir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayən­də­sinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olun­ması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümu­nəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsal­laş­ma, elek­tron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəy­yən­ləş­diril­mə­si, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndiril­məsi, inno­va­siya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqə­ləndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yara­dıl­mış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilib.

Azərbaycanda qadınlarla bağlı bütün fəaliyyət təkcə siyasi amillərlə, dövlətçilik prinsipləri ilə de­yil, həm də nilli-mənəvi dəyərlər əsasında formalaşıb. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin tövsiyələri ilə bu siyasət daha da formalaşmaqdadır...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı