24 noyabr 2026 11:00
75

Ramin Məmmədov: Qadının dini bilikləri ailənin və cəmiyyətin mənəvi inkişafına təsir göstərir

Qadınların dini maarifləndirmə prosesində fəal iştirakı cəmiyyətdə sağlam dini düşüncənin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin dünyagörüşünün inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə ailədə uşaqların tərbiyəsində və mənəvi baxışlarının formalaşmasında qadınların rolu bu istiqamətdə maarifləndirmə fəaliyyətinin əhəmiyyətini daha da artırır.

“İki sahil” xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun noyabrın 24-də Komitə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransdakı çıxışında yer alıb.

R.Məmmədov bildirib ki, qadınların maarifləndirilməsi, dini təhsil imkanlarının genişləndirilməsi və ictimai fəallığının dəstəklənməsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilən siyasətin mühüm istiqamətlərindəndir.

"Bu sahədə əsas prioritetlərdən biri qadınların sağlam, elmi və akademik əsaslara söykənən dini təhsil alması üçün imkanların genişləndirilməsidir. Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda tələbələr, o cümlədən qızlar dini mənbələri akademik əsaslarla öyrənmək, dinin tarixi və fəlsəfəsi üzrə biliklər əldə etmək imkanı qazanırlar. Tələbələrdə dini məsələlərə elmi yanaşmanın və müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarığının formalaşdırılması gələcəkdə dini maarifçiliyin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir", - deyə R.Məmmədov vurğulayıb.