05 mart 2026 12:12
191

Azərbaycan bərpa olunan enerji sahəsində yeni gündəm formalaşdırır

“Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır”.

Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.

Dövlət başçısı daha sonra qeyd edib ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. "2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".

Prezident vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri