05 mart 2026 11:45
117

“Bəlkə keçid balı 400 olsun?” - ŞƏMİL SADİQ QƏBUL SİSTEMİ BARƏDƏ MARAQLI FİKİR SƏSLƏNDİRDİ

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq universitetlərə qəbul sistemi ilə bağlı fikirlərini bölüşüb. O hesab edir ki, qəbul mexanizminin məntiqi dəyişdirilərsə, həm şagirdlərin psixoloji yükü azalar, həm də təhsilin keyfiyyəti baxımından daha sağlam nəticələr əldə oluna bilər.

"İki Sahil"ə açıqlamasında Şəmil Sadiq bildirib ki, mövcud sistem bəzən şagirdləri universitetə hazırlamaqdan daha çox, onları imtahan qarşısında yoran bir mexanizm təsiri bağışlayır: "Biz sistemi elə qurmuşuq ki, sanki əsas məqsəd uşaqları universitetə hazırlamaq deyil, onları imtahan qarşısında yormaqdır”.

Şəmil Sadiqin sözlərinə görə, hazırda universitetlərə keçid ballarının 150–200 civarında olması müəyyən suallar doğurur. “Bu gün universitetlərə keçid balları 150–200 civarında olur. Açığı, bu mənə həmişə qəribə gəlib. Axı universitetə qəbul olmaq müəyyən bir akademik səviyyənin göstəricisi olmalıdır. Əgər keçid balı 350–400 olsa, nə dəyişər? Məncə, heç nə itirmərik, əksinə, çox şey qazanarıq”.

Şəmil Sadiqin fikrincə, belə bir model tətbiq edilərsə, şagirdlər universitetə daha yüksək bilik səviyyəsi ilə qəbul olunarlar: “Belə bir modeldə şagird universitetə əzik şəkildə ‘2’ və ‘3’ qiymətləri ilə yox, əsasən ‘4’ və ‘5’ səviyyəsində biliklərlə qəbul olar. Bu isə onun həm özgüvənini artırar, həm də təhsilə münasibətini dəyişər. Uşaq universitetə zəiflik hissi ilə yox, özünə inamla daxil olar”.

Ekspert qeyd edib ki, bu yanaşmanın tətbiqi üçün qəbul mexanizminin bəzi elementlərinin dəyişdirilməsi kifayət edə bilər: “Əslində bunu etmək o qədər də çətin deyil. Sadəcə qəbul suallarının çətinlik səviyyəsi və qiymətləndirmə məntiqi dəyişdirilə bilər. Elə bir sistem qurmaq mümkündür ki, şagirdlər rahatlıqla 300-dən yuxarı bal toplaya bilsinlər. O zaman bugünkü qədər gərginlik də olmaz: uşaqlar bu qədər əzab çəkməz, valideynlər bu qədər stress yaşamaz, məktəb də öz əsas missiyasını – təhsil verməyi – daha rahat yerinə yetirər”.

Şəmil Sadiq diqqətə çatdırıb ki, mövcud qəbul imtahanlarının çətinliyi bir çox şagird üçün əlavə hazırlıq olmadan baryeri keçməyi çətinləşdirir.

“İndiki sistemdə isə qəbul imtahanı o qədər ağırlaşdırılıb ki, bir çox şagird bunu təkbaşına bacarmır. Demək olar ki, əlavə hazırlıq sistemi olmadan bu baryeri keçmək çox çətindir. Bunun bariz sübutu hər yenilənən qəbul proqramı və model testlərin yanvar ayında cəmiyyətə təqdim edilməsidir”.

O əlavə edib ki, əvvəlki illərin imtahanları ilə müqayisə aparılsa, maraqlı nəticələr ortaya çıxa bilər.

“Bəzən özümə belə bir sual verirəm: əgər 10 il əvvəlki imtahanları bugünkü uşaqlara versək, görəsən nəticə necə olar? Məncə, şagirdlərin böyük bir hissəsi 400-dən yuxarı bal toplayar. Hətta 1990-cı illərin imtahanlarını bu günün şagirdləri yazsa, bəlkə də keçid balı 600 belə ola bilər”.

Şəmil Sadiqin sözlərinə görə, burada əsas məsələ şagirdlərin daha ağıllı olması deyil, onların test texnikasına daha çox bələd olmalarıdır.

“Çünki illər keçdikcə uşaqlar daha ağıllı və daha məlumatlı olduqları üçün deyil, daha çox test texnikasını öyrəndikləri üçün sistemi keçirlər. Yoxsa nə vurma cədvəli dəyişir, nə də ismin halları. Şagirdlər test yazmağın yollarını öyrəndikcə, sual hazırlayanlar da formatı dəyişir, modeli mürəkkəbləşdirir və nəticədə çətinlik dərəcəsi getdikcə artır”.

Sonda ekspert bildirib ki, mövcud vəziyyət müəyyən mənada sistem daxilində bir yarışın yaranmasına gətirib çıxarır: “Beləcə, sanki bir yarış yaranır: biri sistemi keçməyin yollarını öyrənir, digəri isə sistemi daha da çətinləşdirməyə çalışır. Bir sözlə, ay yordu-yordu, görək kim kimi yordu!

Bəlkə də bir az dayanıb özümüzə sadə bir sual verməliyik: bizim məqsədimiz nədir? Məncə, bu sualın cavabı həm qəbul sisteminə, həm də ümumilikdə təhsil sisteminə yeni baxış gətirə bilər”.