04 mart 2026 14:03
227

“Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində seminar keçirilib

Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Qayıdış hüququ və gənclərin rolunun artırılması” mövzusunda seminar keçirilib.

“İki sahil” xəbər verir ki, seminar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində reallaşıb.

“İRƏLİ” İB-nin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən seminar “Balabançı” ansamblının ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra ictimai birlik tərəfindən Qərbi Azərbaycanın mədəni irsinin təbliği məqsədilə təşkil olunan konfrans, festival, düşərgə və infosessiyalar barədə məlumat verilib.

Seminarda “İRƏLİ” İB-nin sədri Şahin Rəhmanlı, MEMİM-in direktoru Vüqar Hümbətov, ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Həmidə Əliyeva, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının əməkdaşı Cəmilə Fəyyaz çıxış ediblər. Çıxışlarda Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektləri haqqında ətraflı məlumat verilib, bu mövzunun gənc nəslə düzgün və sistemli şəkildə çatdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Daha sonra ədəbiyyatşünas, filologiya elmləri doktoru Əsgər Zeynalovun "İrəvan məktəbi və onun nümayəndəsi olan böyük şəxsiyyətlər", ADU-nun II kurs magistrantı Sümbül Qarayevanın "Qərbi Azərbaycana qayıdış hüququ və gənclərin fəaliyyətinin stimullaşdırılması" və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Orucəli Abbaszadənin "Region gənclərinin Qərbi Azərbaycana qayıdış prosesində fəallığı: təşəbbüs və ideyaların dəstəklənməsi" mövzularında məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Həzrət Əzizli və Ədilə Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı, “Qaçaq Nəbi” bədii filmindən mahnı, “Zəngəzur” nəğməsi və “Balabançı” ansamblının ifasında “Ağbaba” yallısı səsləndirilib.

Qeyd edək ki, “Qərbi Azərbaycan irsini tanı” layihəsi Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” çərçivəsində həyata keçirilir.