03 mart 2026 15:19
136

“İxrac icmalı”nın 2026-cı ilin yanvar ayına dair buraxılışı dərc edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın növbəti sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

“İki sahil” xəbər verir ki, cari ilin birinci ayında  ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 169,3%, pambıq iplik 137,6%, bitki və heyvan mənşəli piylər və yağlar 90,8%, alüminium və onlardan hazırlanan məmulatlar 39,5%,  meyvə-tərəvəz 32,1%, pambıq lifi 23,2%, çay 20,9%, spirtli və spirtsiz içkilər 14,2% artıb.

2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞ dolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon ABŞ dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC, "KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFA Export” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:  “SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Naxçıvan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz" EİM, “SOCAR CAPE” MMC, "Qaradağ Şüşə Zavodu" ASC, "Azərxalça" ASC.

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın  32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4 min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.