03 mart 2026 12:01
163

“Startup School” Xankəndidə keçirildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” və “Azexport” portalları, eləcə də “Karabakh Training Center”in təşkilatçılığı ilə “Startup School” layihəsi Qarabağda- Xankəndidə təşkil edilib.

“İki sahil” xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və startap təşəbbüslərini, innovativ və investisiya yönümlü layihələri təşviq etmək, eyni zamanda rəqəmsal ticarət və layihə idarəetməsi sahəsində praktiki bilik və bacarıqları artırmaq olub.

Tədbirdə Qarabağ Universiteti və Bakı Biznes Universitetinin müəllim və tələbələri, sahibkarlar və sənaye parklarının rezidentlərinin nümayəndələri iştirak ediblər. “Karabakh Training Center”in rəhbəri Aytən Məmmədova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və Qarabağ Regional Məşğulluq filialının nümayəndəsi Kənan Süleymanlı çıxış edərək regionda innovativ sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxışlar zamanı regionda tətbiq olunan vergi güzəştləri, məşğulluq proqramları, startaplar və ixrac yönümlü sahibkarlar üçün mövcud rəqəmsal platformalar, beynəlxalq bazarlara çıxış imkanları, universitet-sənaye əməkdaşlığı və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonra İİTKM-nin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və İnsan resursları üzrə meneceri Mətanət Rəsulovanın təqdimatında “İnnovativ sahibkarlıq və startap fəaliyyəti” və “Rəqəmsal ticarət və Azexport portalının xidmətləri” mövzularında təlimlər keçirilib.

Günün ikinci yarısında startap layihələrinin təqdimatları dinlənilib və müzakirə olunub. Layihələrin inkişaf etdirilməsi istiqamətində tövsiyələr verilib və mentorluq xidməti göstərilib.

Layihə çərçivəsində 50-yə yaxın müəllim və tələbə təlim və mentorluq xidmətlərindən faydalanıb. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Startup School - Qarabağ” layihəsi regionda innovativ sahibkarlıq mühitinin formalaşdırılmasına, yerli təşəbbüslərin dəstəklənməsinə və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına yönəlib. Hazırda layihənin davam etdirilməsi istiqamətində müzakirələr aparılır.