Bakı şəhər Statistika İdarəsi 2025-ci ilin sosial-iqtisadi yekunlarını açıqlayıb
Sənayenin inkişafı haqqında
2026-cı ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma, 25,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2026-cı il vəziyyətinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2026-cı ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 faizini inşa, yenidənqurma və bərpa, 10,9 faizini əsaslı təmir, 7,9 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 93,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2026-cı ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3221,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1439,6 milyon manat olmuşdur. 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalmış, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7,0 faiz artmışdır. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,0 faiz artaraq 117,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 77,9 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 739,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 86,1 faizini təşkil etmişdir.
Əməkhaqqı
2025-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1381,0 manat olmuşdur.
Bakı Şəhər Statistika İdarəsi