Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, həmyaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qram marixuana aşkarlanıb.
Məlumatda qeyd olunub ki, sonuncu əməliyyatlar zamanı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.