Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc Hüquq Maarifçiləri” layihəsi uğurla başa çatıb.
Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, hüquqi maarifləndirmə sahəsində təşəbbüskarlığının və fəallığının dəstəklənməsi, eləcə də gənclər arasında hüquq mədəniyyətinin təşviqindən ibarət olub.
Layihə çərçivəsində Bakı şəhərində hüququn müxtəlif istiqamətlərini əhatə edən maarifləndirici təlimlər təşkil edilib. Təlimlərdə fəallığı ilə seçilən iştirakçılar əldə etdikləri bilik və təcrübəni Quba və Lənkəran şəhərlərində digər gənclərlə bölüşərək hüquqi maarifləndirmə tədbirləri həyata keçiriblər.
Əmək hüquqları, insan hüquqlarının müdafiəsi, fərdi məlumatların qorunması, Konstitusiya və təhsil hüququ kimi mövzuları əhatə edən layihə gənclərin hüquqi biliklərinin artırılmasına, onların maarifləndirmə prosesində fəal iştirakına və regionlarda hüquq mədəniyyətinin təşviqinə töhfə verib.