27 fevral 2026 14:33
131

Bu il Xocavənd şəhərində 792 ev təmir ediləcək

2026-cı ildə Xocavənd şəhərində 792 evin təmir edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli deyib.

Onun sözlərinə görə, ərazisi 1,51 min kvadrat kilometr, əhalisinin sayı isə 12,5 min nəfər olan Xocavənd rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 80 kənd var: "Xocavənd rayonu işğaldan azad edildikdən sonra burada yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Xocavənddə 980 fərdi ev mövcuddur. Onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək".

Əməkdaş əlavə edib ki, Böyük Qayıdış proramına uyğun olaraq, Xocavənd rayonu ərazisinə yerli sakinlərin qayıdışına ötən ilin sentyabr ayından başlanılıb: "Bu vaxta qədər Xocavənd şəhəri də daxil olmaqla, beş yaşayış məntəqəsinə əhalinin qayıdışı həyata keçirilib. Xocavənd şəhərinə 194 nəfərdən ibarət 50 ailə, Hadrut qəsəbəsinə 233 nəfərdən ibarət 58 ailə, Sos kəndinə 360 nəfərdən ibarət 85 ailə, Qırmızı Bazar qəsəbəsinə 604 nəfərdən ibarət 142 ailə, Xocavənd kəndinə isə 94 nəfərdən ibarət 20 ailə olmaqla ümumilikdə 355 ailə (1485 nəfər) qayıdıb".

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.