27 fevral 2026 11:39
119

Aqrar Xidmətlər Agentliyi Göygöldə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda maarifləndirici tədbir keçirib 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Göygöl rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək, zərərvericinin yayılma arealını minimuma endirməkdir.

Tədbirdə çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahəyə dövlət dəstəyi ildən-ilə gücləndirilir, fitosanitar təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə bağlarına ciddi ziyan vurur və məhsuldarlığın azalmasına səbəb olur. Bu baxımdan zərərvericiyə qarşı mübarizənin vaxtında və koordinasiyalı aparılması mühüm əhəmiyyət kəsb edir. Mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin yerli qurumları ilə birgə həyata keçirilir, yaşayış məntəqələrində monitorinqlər aparılır, aşkar olunan ocaqlarda mexaniki və kimyəvi mübarizə tədbirləri görülür.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Agentliyin nümayəndələri yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumatlar verir, həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlayaraq online media və sosial şəbəkələrdə paylaşımını təmin edir.

AXA sədri vurğulayıb ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.

AXA-nın sədr müavini Cəfər Məhərrəmov qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə məlumat verərək bildirib ki, fevral ayında zərərverici qışlama mərhələsindən çıxmağa hazırlaşır. Qəhvəyi mərmər bağacığı qış fəslini çardaqlarda, anbarlarda, boş tikililərdə və ağac qabıqlarının altında keçirir. Bu baxımdan həmin sığınacaqların vaxtında təmizlənməsi, həşəratların toplanaraq mexaniki üsulla məhv edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.

Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin  maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.