27 fevral 2026 13:10
120

Təhsilin rəqəmsallaşması sistemli idarəetmə modelinə çevrilir

Ekspert: Növbəti mərhələdə əsas hədəf elektron idarəetmədən elektron tədrisə keçidin sürətləndirilməsi olmalıdır

Qlobal miqyasda rəqəmsal transformasiya artıq təkcə iqtisadiyyat və sənaye sektorlarını deyil, cəmiyyətin bütün əsas institutlarını əhatə edir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, süni intellekt əsaslı həllərin geniş tətbiqi, böyük verilənlər və bulud texnologiyalarının idarəetməyə inteqrasiyası ənənəvi modelləri dəyişdirir, xidmətlərin təqdim edilmə formasını yenidən müəyyənləşdirir. Bu prosesin mərkəzində isə təhsil dayanır. Çünki rəqəmsal cəmiyyət üçün tələb olunan bilik və bacarıqların formalaşdırılması birbaşa təhsil sisteminin üzərinə düşür.

Müasir dövrdə təhsilin rəqəmsallaşması artıq alternativ deyil, strateji zərurət kimi meydana çıxır. Elektron idarəetmə, rəqəmsal sənəd dövriyyəsi, onlayn qeydiyyat sistemləri, məsafədən təhsil imkanları və elektron qiymətləndirmə mexanizmləri təhsil mühitinin ayrılmaz hissəsinə çevrilir. Rəqəmsallaşma həm idarəetmədə şəffaflığı artırır, həm də resurslardan daha səmərəli istifadə imkanı yaradır. Eyni zamanda, müəllim və şagird arasında interaktiv əlaqəni gücləndirir, tədris prosesinin fərdiləşdirilməsinə şərait yaradır.

Azərbaycan da qlobal çağırışlara uyğun olaraq təhsil sahəsində rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır. Son illər həyata keçirilən islahatlar, elektron platformaların tətbiqi, qeydiyyat və qəbul mexanizmlərinin rəqəmsal formata keçirilməsi bu istiqamətdə sistemli yanaşmanın formalaşdığını göstərir. Rəqəmsal alətlərin tətbiqi yalnız inzibati prosedurları sadələşdirmir, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yeni imkanlar açır.

Təhsil idarəetməsi artıq kağız üzərində deyil

Təhsil eksperti Elçin Süleymanov məhz bu kontekstdə “İki sahil”ə açıqlamasında ölkədə təhsil sisteminin rəqəmsallaşma səviyyəsini, mövcud imkanları və qarşıda duran əsas vəzifələri dəyərləndirdi. Bildirdi ki, son illər bu istiqamətdə atılan addımlar təhsilin idarə olunmasında və tədris prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur: “Bu gün istər şagird və tələbələrin qeydiyyatı, istər akademik göstəricilərin izlənilməsi, istərsə də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məzuniyyət sənədlərinin və diplomların rəqəmsal təqdimatı kimi proseslər artıq elektron müstəvidə həyata keçirilir. Qəbul mərhələsindən başlayaraq tədris nəticələrinin rəsmiləşdirilməsinədək olan əsas idarəetmə zənciri böyük ölçüdə rəqəmsallaşıb. Xüsusilə ali təhsil müəssisələrində bu proses daha yüksək səviyyədə təşkil olunub.

Orta ümumtəhsil məktəblərində də oxşar dinamika müşahidə edilir. Yeni şagirdlərin elektron qeydiyyatı, məktəblərarası köçürülmə, birinci sinfə qəbul və məzun prosesinin rəqəmsal platformalar üzərindən idarə olunması artıq geniş tətbiq olunur. Bu isə təhsilin idarə olunmasında rəqəmsallaşma göstəricilərinin yüksəldiyini göstərir”.

Müasir müəllim – rəqəmsal mühitin əsas fiquru

Təhsil eksperti qeyd etdi ki, rəqəmsallaşmanın ikinci mühüm istiqaməti təhsil verənlərin və təhsil alanların bu imkanlardan effektiv istifadəsi ilə bağlıdır: “Qeydiyyat və sənədləşmə proseslərinin elektron formata keçirilməsi müəllim və tələbələr üçün həm vaxt, həm də maliyyə baxımından müəyyən üstünlüklər yaradır. Bununla yanaşı, rəqəmsal həllərin tədris prosesinə inteqrasiyası müəllimlərin bu sistemlərdən peşəkar səviyyədə istifadə bacarığını zəruri edir.

Son illərdə müəllimlərin işə qəbulu üzrə müsabiqələrin, sertifikasiya prosesinin keçirilməsi və peşəkar inkişaf mexanizmlərinin gücləndirilməsi orta təhsildə daha hazırlıqlı və müasir yanaşmalara açıq pedaqoji kadrların formalaşmasına şərait yaradır. Bu tendensiya rəqəmsal alətlərin tədrisə tətbiqinə də müsbət təsir göstərir.

Digər mühüm məsələ məktəblərin maddi-texniki bazası ilə bağlıdır. Müəllimlərin rəqəmsal bacarıqları yetərli olsa belə, zəruri texniki infrastruktur olmadıqda bu imkanların tətbiqində çətinlik yaranır. Son illərdə inşa olunan və ya əsaslı təmir edilən məktəblərdə müasir avadanlıq, internet təminatı və rəqəmsal infrastrukturun qurulmasına xüsusi diqqət yetirilir. Bir çox təhsil müəssisələrində bu istiqamətdə ciddi irəliləyiş var. Bununla belə, maddi-texniki təminatın daha da gücləndirilməsinə ehtiyac olan məktəblər də mövcuddur”.

Növbəti mərhələ: Elektron tədris və qiymətləndirmə sistemləri

E. Süleymanov diqqətə çatdırdı ki, ümumilikdə, rəqəmsallaşma prosesinin effektivliyi üç əsas amildən asılıdır: “Güclü maddi-texniki baza, rəqəmsal bacarıqlara malik müəllim heyəti və idarəetmə mexanizmlərinin tam elektronlaşdırılması. Bu komponentlərin paralel inkişafı təhsil sistemində dayanıqlı rəqəmsal transformasiyanı təmin edir.

Hazırda ölkə üzrə internet infrastrukturunun inkişafı və rəqəmsal xidmətlərin genişlənməsi təhsildə rəqəmsallaşma üçün əlverişli zəmin yaradır. Növbəti mərhələdə isə əsas hədəf rəqəmsal alətlərin tədris prosesinə daha dərin inteqrasiyası, elektron tədris platformalarının və elektron qiymətləndirmə sistemlərinin tətbiqinin genişləndirilməsi olmalıdır. Bu istiqamətdə atılacaq addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə və idarəetmənin daha çevik qurulmasına xidmət edə bilər”.

Nigar Orucova, "İki sahil"