Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artıb, kredit kartlarının sayı isə 7.6% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artıb. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 687 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 600 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 85 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
Onu da bildirək ki, ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil edib.