YAP Bərdə rayon təşkilatında Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanlarının ailələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi ilə birlikdə Xocalı Soyqırımı və Milli Matəm Günü münasibətilə Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanları Tabil Həsənovun və Şakir Salahovun ailəsi ilə görüşüb.
Görüş iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Bərdə Rəsm Qalereyasında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxıblar. Görüşdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Ermənistan Ordusunun Rusiyanın 366- cı motoatıcı diviziyası ilə birlikdə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı barədə, mülki insanlara tətbiq etdikləri ən vəhşi vandal əməliyyatları haqqında danışıb. Qeyd edib ki, bugün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və xalqımızın dəmir birliyi nəticəsində Azərbaycan bayrağı İşğaldan azad edilən bütün şəhər və rayonlarımız kimi Xocalıda da dalğalanır.
Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanlarının ailələri Lətifə Həsənova və Akif Salahov Xocalı faciəsi ilə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, Qalib Prezidentimizin rəhbərliyi ilə qazanılan Qələbələr onlar üçün çox böyük təsəlli və qürur yeridir. Onlar "Xocalıya ədalət!" kompaniyasi ilə bağlı ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda Milli Qəhrəmanların ailə üzvlərinə onlara Ulu öndər Heydər Əliyev və Müzəffər Liderimiz cənab İlham Əliyevin dövlətimizi böyük zəfərlərə aparan yolu təcəssüm etdirən kitablar təqdim edilib.
Sonda Azərbaycanin Milli Qəhrəman ailələri ilə xatirə şəkli çəkdirilib.