Azərbaycan bütün siyasi və informasiya təzyiqlərinə baxmayaraq, müharibə cinayətlərində təqsirləndirilən şəxsləri məhkəmə qarşısına çıxardı. Nəticədə Bakı Hərbi Məhkəməsinin hökmü ilə onlardan bəziləri ömürlük, bəziləlri 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar.
Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinin Bakı Hərbi Məhkəməsinin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında bunu belə əsaslandırıb: “Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Dövlətimizin başçısı elə bu kimi səbəblərdən onların bağışlanılmasının mümkünsüzlüyünü vurğulayıb. Prezident, həmçinin bu günlərdə ABŞ Vitse-prezidenti Cey. Di. Vens ilə görüşdə bu məsələnin onun tərəfindən də gündəmə gətirildiyini bildirib: “Mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam”.
Müxbirin: “Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir” ifadəsinə isə Prezident İlham Əliyev belə cavab verib: “Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”.
Prezident İlham Əliyev separatçılarla bağlı məhkəmə hökmünün qərarının dəyişməcəyini bir daha bildirib. Bununla da ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş separatçıları azad etmək niyyətində olmadığını açıq şəkildə bəyan edib. Dövlətimizin başçısının separatçılarla bağlı məhkəmə prosesini nasistlərin mühakimə olunduğu Nürnberq prosesi ilə eyniləşdirməsinə gəldikdə isə, azərbaycanlılara qarşı törədilən cinayətlərin daha dəhşətli olduğunu müxbirin, həmçinin “France 24” telekanalının izləyicilərinin nəzərinə çatdırmaqdan ibarət olub. Bununla da Prezident İlham Əliyev uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçılarına, həmçinin onları müdafiə edənlərə daha bir mesaj göndərib.
Şübhəsiz, France-24” telekanalının separatçılara verilən cəza ilə bağlı sualı təsadüfi hesab etmək olmaz. Bu sual məqsədyönlü olub, beynəlxalq diqqəti həbs olunan separatçıların üzərinə yönəltməkdən ibarət idi. Hətta bu kimi sualların erməni diasporunun pul kisələri sayəsində hazırlanmasını da söyləmək olar.
Qvami Məhəbbətoğlu, “İki sahil”