Murov dağının qoynunda, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Daşkəsən rayonunun Bayan kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bu yer indi turizm üçün çox əlverişlidir. Burada bir gün qonaq qalan şair yazmışdı:
Məni elə ovsunlayıb bu dağlar,
Bilməmişəm, aya üstə yatmışam.
Zirvəsini duman-çiskin saran uca dağlar, daş evlər, çiçəklərlə, giləmeyvələrlə dolu meşələr, kəndi ikiyə bölən çay, qədim körpü, Vll-lX əsrlərə aid Çiçirəvəng Alban məbədi və bir çox dini tikililərin qalıqları bu kəndi baxımlı canlı təbiət muzeyinə çevirir. Burada evlər o qədər sıx tikilib ki, vaxtilə bu kənddə yerə düşmədən bir çox evlərin pəncərəsindən bir-birinə keçmək mümkün olub.
Kənd sakinləri əsasən əkinçilik və maldarlıqla məşğuldur. Qoşqar çayı və sərin bulaqlar əhalini içməli və əkin suyu ilə təmin edir. Bu kənd həm də kinorejissorların diqqətini çəkən məkandır. Belə ki, 1968-ci ildə ekranlaşdırılan "Mən ki, gözəl deyildim" məşhur Azərbaycan bədii filminin bir çox epizodu Bayanda çəkilib.
Bu kəndin tarixi bizim eradan əvvələ gedib çıxır. Hazırda Ermənistanda rəsmi andiçmə mərasimində üzərinə əl basılan və and içilən xristianlığa aid ən qədim bir "İncil" var. Kitab iki hissədən ibarətdir: “Müqəddəs Yevangeliya” və “Qoruyucu”. Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunması Mərkəzində tam məxfi olaraq xüsusi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dır. Bu kitabı qorumaq üçün ayrıca mühafizə qrupu var və ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. Bu günə qədər kitab açılmayıb və heç kim onun hansı dildə nə yazıldığını yazıldığını görməyib - təkcə erməni kilsəsinin baş katalikoslarından başqa. Onlar da bu sirri heç kəsə açmayıblar.
Maraqlıdır ki, bu kitabın nadir nüsxələrindən biri də V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb və uzun əsrlər burada gizli saxlanılıb. Məlumdur ki, Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi albanlarla bağlıdır. Təxminən eramızın III-IV əsrlərində ölkə ərazisində inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian albanlar VII-VIII əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Bayan kəndi ərazisindəki üç Alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir. Məhz Bayan monastırı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada qorunub saxlanılıb. Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün Qüdsdən dəvət edilən mütəxəsislər kitabın burada qalmasını vacib hesab ediblər. Bildiriblər ki, kitab başqa mühitə düşsə vərəqləri xarab olar. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerlərindən zəvvarlar Bayan kəndinə gəlirdilər. Buna səbəb həmin kitabın sağlamlıq gətirməsi, guya xəstə insanlara kömək etməsi barədə şayiələr idi. Bu kitab XIX əsrə qədər, Markar Barxudaryan adlanan erməni yepiskopun bura gəlməsinə qədər qorunub saxlanılırdı. 1895-ci ildə o, təcili Eçmiədzin kilsəsinə məktub yazır ki, heç kəsin oxuya bilmədiyi bu qədim kitab mütləq ermənilərin olmalıdır.
1974-cü ildə Bayanda yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gətirir və onu Azərbaycandakı erməni kilsəsinin katalikoslarından olan Vahan Teryana verir. O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün gizlicə onu 1955-1994-cü illər arasında bütün ermənilərin katalikosu olmuş I Vazgenə (Levon Karapetoviç Balçyan) anasının xatirə günündə ona hədiyyə edir. I Vazgen qədim kitabı alır, açır, ancaq ermənicə yazılmadığından onu oxuya bilmir və həmin il iyulun 25-də Matenadarana göndərir və tapşırıq verir ki, kitab heç zaman açılmasın, onun surətini erməni dilində yazsınlar və oxşarını hazırlasınlar. Hazırlanan saxta surətə isə “Vexamor” adı verirlər. Bu ad I Vazgenin Buxarestdə (Rumıniyada) müəllim işləyən və 1974-cü ildə ölən anası Siranuş Balçyanın xatirəsini yaşatmaq üçün seçilir.
Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastırına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır və hətta yüksək vəzifəli şəxslərə belə göstərilmir.
Beləliklə, ərazilərimizi qəsb edən xəbis niyyətli ermənilər mədəniyyətimizdən, tariximizdən də oğurluq ediblər.
Vəli İlyasov, “İki sahil”