13 fevral 2026 19:49
106

Bu molekul dəri xərçənginin böyüməsinə yol açır

Alimlər melanomanın böyümə mexanizmini aşkar ediblər: Yeni müalicə hədəfi aşkarlanıb

Beynəlxalq tədqiqat qrupu dəri xərçənginin ən təhlükəli forması olan melanomanın böyməsinə nəyin səbəb olduğunu və şiş hüceyrələrinin immun sistemindən necə yayınmasını müəyyənləşdirmək istiqamətində mühüm elmi nailiyyət əldə edib.

Nyu-york, Meksika və Braziliyadan olan alimlər ABŞ-da 200-dən çox melanom xəstəsinin şiş nümunələrini analiz edərək genin aktivliyini tənzimləyən HOXD13 adlı əsas zulalın şişin inkişafında kritik rol oynadığını müəyyən ediblər. Tədqiqat göstərib ki, bu zülal melanom hüceyrələrini qidalandıran, onlara oksigen və qida maddələri daşıyan qan damarlarının formalaşmasını stimullaşdırır.

Araşdırma zamanı həmçinin sitotoksik T limfositləri (xərçəng hüceyrələrini məhv edən ağ qan hüceyrələri) ilə bağlı diqqətçəkən nəticələr əldə olunub. HOXD13 zülalının aktivliyi yüksək olan xəstələrdə qanda T hüceyrələrinin səviyyəsinin daha aşağı olduğu və bu hüceyrələrin şiş toxumasına daxil olmaq qabiliyyətinin zəiflədiyi müəyyən edilib. Alimlər HOXD13 aktivliyini azaltdıqda isə şişlərin kiçildiyini müşahidə ediblər. Bu nəticələr ABŞ-də melanomla yaşayan bir milyondan çox insan üçün ümidverici hesab olunur. Amerika Xərçəng Dərnəyinin məlumatına görə, bu il ABŞ-də melanomla bağlı 8 500-dən çox ölüm və 112 min yeni yoluxma halı qeydə alınacağı gözlənilir.

Nyu-York Universitetinin Qrossman Tibb Fakültəsi və Perlmutter Xərçəng Mərkəzinin tədqiqatçısı həkim Pietro Beriko bildirib: “Araşdırmamız HOXD13 transkripsiya faktorunun melanomanın böyüməsində güclü təşviqçi olduğunu və xəstəliklə mübarizə üçün vacib olan T hüceyrəsinin aktivliyini zəiflətdiyini göstərən yeni sübutlar təqdim edir.”

Tədqiqatın nəticələrinə görə, HOXD13 yalnız şişin böyüməsini sürətləndirmir, eyni zamanda, şişin ətrafındakı mikro mühiti dəyişdirərək immun sisteminin xərçənglə mübarizə mexanizmini zəiflədir. Bu proses zamanı CD73 adlı zülalın səviyyəsi artır və nəticədə adenozin adlı maddənin miqdarı yüksəlir. Adenozin isə T hüceyrələrinin şişə daxil olmasının qarşısını alaraq şiş üçün qoruyucu “sipər” rolunu oynayır. Bunu da qeyd etmək lazımdır ki, HOXD13 zülalı deaktiv edildikdə şişə daxil olan T hüceyrələrinin sayında artım qeydə alınıb.

Nyu-York Universitetinin professoru həkim Eva Hernando-Monge bildirib ki, əldə olunan nəticələr HOXD13 hədəfli yeni müalicə strategiyalarının hazırlanmasına zəmin yaradır. Bu mexanizmləri hədəfləyən dərmanların təhlükəsizliyi və effektivliyi hazırda ayrıca klinik tədqiqatlarda qiymətləndirilir.

Alimlər bildiriblər ki, sınaqlar uğurlu nəticələnərsə HOXD13 səviyyəsi yüksək olan xəstələrin müalicəsində bu preparatların tətbiqi mümkün ola bilər. Hazırda melanomun müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir və cərrahi müdaxilə, kimyaterapiya, şüa terapiyası, eləcə də immunoterapiya kimi üsulları əhatə edir. İmmunoterapiya şiş hüceyrələrini hədəf alaraq onu məhv edən dərmanlara əsaslanır və bir çox hallarda ilkin müalicə seçimi kimi tətbiq edilir.

Qeyd edək ki, melanom bütün dəri xərçəngi hallarının cəmi 1 faizini təşkil etsə də, ABŞ-də dəri xərçəngi ilə bağlı ölümlərin böyük əksəriyyəti məhz bu xəstəliklə əlaqəlidir.

Şahnigar Əhmədova, “İki sahil”