13 fevral 2026 20:05
197

Elektron siqaretlə bağlı CİDDİ XƏBƏRDARLIQ

Elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı narahatlıqlar artır. Ailə təbabəti kafedrasının müəllimi, dosent həkim Sanem Nemezzi Karaca elektron siqaretlərin tərkibindəki maddələrin tənəffüs yolu ilə birbaşa orqanizmə daxil olduğunu bildirərək ciddi xəbərdarlıq edib.

Onun sözlərinə görə, elektron siqaretlərdə ənənəvi siqaretlərdən fərqli olaraq yanma prosesi baş vermir. Buna görə də kül və ya tüstü qoxusu kimi klassik siqaretlərə xas əlamətlər müşahidə olunmur. Bu səbəbdən bəzi şəxslər ənənəvi siqareti tərgitmək və ya daha az zərərli olduğunu düşündükləri üçün elektron siqaretə üstünlük verirlər. Lakin mütəxəssis vurğulayıb ki, elektron siqaretlər yüksək asılılıq yaradan nikotin, zəhərli kimyəvi maddələr və ağciyərlərin ən dərin hissələrinə qədər çata bilən xırda hissəciklər ehtiva edir. Üstəlik, istifadəçi tənəffüs etdiyi maddələrin tərkibini və konsentrasiyasını özü tənzimləyə bilir ki, bu da kimyəvi maddələrin nəzarətsiz şəkildə orqanizmə daxil olmasına və toksik dozaya çatma riskinə səbəb olur.

Dosent həkim Karaca bildirib ki, elektron siqaretlərin həm fərdi, həm də ictimai sağlamlıq üçün mənfi təsirlərini təsbit edən elmi sübutlar getdikcə artır. Elektron siqaret istifadəsinin sübut olunmuş riskləri arasında ürək-damar və ağciyər xəstəlikləri, öyrənmə və diqqət pozğunluqları, bağırsaq mikroflorasının müxtəlifliyinin azalması, müxtəlif xərçəng növləri, cihazın partlaması nəticəsində yanıq və sınıqlar, eləcə də EVALI (elektron siqaretlə əlaqəli kəskin ağciyər zədələnməsi) yer alır. Qeyd olunub ki, ölümlə nəticələnə bilən EVALI xəstəliyinin əsas səbəbi elektron siqaret istifadəsi hesab olunur.

Mütəxəssis əlavə edib ki, istifadə olunmuş elektron siqaret cihazları və patronları elektron tullantı kimi ətraf mühit və planetin sağlamlığı üçün də ciddi təhlükə yaradır.

Bütün xəbərdarlıqlara baxmayaraq, elektron siqaret istifadəsi xüsusilə yeniyetmələr və gənclər arasında artmaqda davam edir. Həkim hər kəsi həm öz sağlamlığı, həm gələcək nəsillər, həm də ətraf mühit naminə elektron siqaretlərdən uzaq durmağa çağırıb.

Şahnigar Əhmədova, “İki sahil”