Son illərin siyasi hadisələri Azərbaycana böyük etimad göstərildiyini təsdiqləyir. Bu münasibətlər istər siyasi proseslərdə qarşılıqlı tərəfdaşlıq kimi, istər bu və ya digər dünyəvi təşəbbüslərin gerçəkləşməsində siyasi güvənc kimi, istərsə də qlobal proseslərin həllində söz sahibi olmaq kimi bir etimada əsaslanır. Dünyanın böyük dövlətləri xarici siyasətini bu baxımdan Azərbaycanla qarşılıqlı əlaqələrin daha geniş siyasi müstəvidə davam etdirilməsinə istiqamətləndirir.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də belə niyyətlərin davamıdır. Görüş zamanı mətbuata verdiyi bəyanatda Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlığını bildirən, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmağın böyük şərəf olduğunu deyən Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən birinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olduğunu da qeyd etdi: “Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”.
Hər rəsmi səfər ikitərəfli münasibətlər sistemində yeni bir layihənin yaranması, formalaşması, daha geniş formatda davam etdirilməsi ilə nəticələnir. Bu, hər iki dövlətin xarici siyasəti üçün prioritet hesab edilir. İkinci Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün yaranması üçün tarixi fəaliyyət göstərməyə başladı və bu fəaliyyət öz bəhrəsini verməkdədir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də bu baxımdan xarakterikdir. Bu səfər zamanı Siyasi Xartiya imzalanması tarixi hadisə hesab edilə bilər. Dövlət başçımız bu baxımdan bəyanatında dedi: “Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.
Strateji Xartiyada ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti təsdiqləndi, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Orta Dəhlizin inkişafına xüsusi diqqət ayırmaqla enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı, regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirəcəyini, enerji və nəqliyyat sektorlarına, rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdıracağını, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının mülki nüvə əməkdaşlığını dərinləşdirəcəyini planlaşdırır.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək də nəzərdə tutulur. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etməyi planlaşdırır.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Azərbaycanla ABŞ arasında münasibətlərin yeni bir mərhələsi oldu...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı