Gecə işıqları söndürüb telefona baxmaq çoxlarına zərərsiz bir vərdiş kimi görünsə də, mütəxəssislər bunun həm göz sağlamlığına, həm də orqanizmin bioloji ritminə mənfi təsir göstərdiyini bildirirlər. Xüsusilə qaranlıq mühitdə ekrana baxmaq, fərqinə varılmadan uzunmüddətli sağlamlıq problemlərinə zəmin yarada bilər.
Göz xəstəlikləri üzrə mütəxəssis, həkim Akgün Sayar qaranlıq mühitdə smartfondan istifadənin gözlər üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. O bildirib ki, ağıllı telefonlardan gündəlik həyatımızda intensiv istifadə olunması göz sağlamlığı ilə bağlı təhlükələri də artırır.
Mütəxəssis vurğulayıb ki, işıqlar söndürülmüş vəziyyətdə parlaq ekrana baxmaq gözün daha çox gərginliklə işləməsinə səbəb olur: “Qaranlıq mühitdə ekran işığına məruz qalan göz daim uyğunlaşmağa məcbur qalır. Bu isə göz yorğunluğunu artırır və uzun müddətdə miyopiya riskinin yüksəlməsinə gətirib çıxara bilər. Xüsusilə uşaqlar və yeniyetmələr bu baxımdan daha həssas qrupdur.”
Həkim Sayar telefon və planşet ekranlarından yayılan mavi işığın qaranlıqda daha güclü qəbul edildiyini də qeyd edib. Onun sözlərinə görə, mavi işıq göz quruluğu, gözdə yanma və batma hissi, baş ağrısı kimi şikayətlərə səbəb ola bilər. Eyni zamanda,mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldaraq yuxu rejimini pozur və gecə yuxusuna getməyi çətinləşdirir.
Mütəxəssis gözlərin qorunması üçün bir sıra vacib tövsiyələr verib:
Qaranlıqda telefon və planşetdən istifadə etməmək
Ekran parlaqlığını ətrafın işıqlandırmasına uyğun tənzimləmək
Xüsusilə gecə saatlarında ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaq
Bundan əlavə, 20-20-20 qaydasının göz yorğunluğunu azaltmaqda effektiv üsul olduğunu xatırladıb. Bu qaydaya görə, hər 20 dəqiqədən bir, 20 saniyə ərzində təxminən 6 metr (20 fut) uzaqlıqda olan bir nöqtəyə baxmaq gözlərin dincəlməsinə kömək edir.
Mütəxəssislər bildiriblər ki, bu sadə, lakin əhəmiyyətli vərdişlər həm göz sağlamlığını qorumaqda, həm də keyfiyyətli yuxu rejimini təmin etməkdə mühüm rol oynaya bilər.
Şahnigar Əhmədova, “İki sahil”