10 fevral 2026 16:00
182

Bəşəriyyətin gələcəyi həyat Yerdən Aya "köçür"

ABŞ-li milyarder, “SpaceX” kosmik və aerokosmik şirkətinin icraçı direktoru İlon Mask Mars missiyasını təxirə salaraq Ayda “öz-özünə inkişaf edən şəhərin inşasına” yönəldiklərini açıqlayıb.

İlon Mask “X” sosial şəbəkəsində paylaşdığı məlumatda “SpaceX”in fəaliyyət prioritetlərinin dəyişdiyini bildirib. O qeyd edib ki, “bilməyənlər üçün “SpaceX” diqqətini 10 ildən az müddətdə reallaşdırıla biləcək bir hədəfə – Ayda öz-özünə böyüyən şəhərin qurulmasına yönəldib”. Mask Mars missiyasının isə 20 ildən artıq vaxt tələb edə biləcəyini vurğulayıb.

Ay uçuşları daha tez-tez həyata keçiriləcək

İlon Maskın sözlərinə görə, Marsa səyahət planetlərin hər 26 aydan bir uyğun mövqeyə gəlməsi ilə mümkün olur və bu yol təxminən 6 ay çəkir. Ay isə iki günlük uçuşla hər 10 gündə bir ziyarət edilə bilər.

O bildirib ki, bu amil Mars şəhəri ilə müqayisədə Ay şəhərinin daha sürətli şəkildə inşa olunmasına imkan yaradır. Mask əlavə edib ki, “SpaceX”in Marsda şəhər qurmaq planının təxminən 7 ildən sonra başlayacağı gözlənilir, lakin hazırda əsas məqsəd “bəşəriyyətin gələcəyini təmin etməkdir” və bunun Ayda daha tez reallaşdırılması mümkündür.

2027-ci ilin martınadək Ay enişi planlaşdırılır

“Wall Street Journal” qəzetinin məlumatına görə, “SpaceX” investorlarına 2027-ci ilin mart ayında Ay səthinə eniş etməyi hədəflədiyini bildirib. Eyni zamanda, şirkətin kosmos əsaslı süni intellekt məlumat mərkəzləri yaratmaq məqsədilə “xAI”ni satın alaraq fəaliyyətini bu istiqamətdə genişləndirməyi planlaşdırdığı qeyd olunub.

Məlumatda İlon Maskın davamlı Ay bazasının yaradılmasına dəstək vermək niyyətini investorlarla ətraflı şəkildə bölüşdüyü vurğulanıb.

Qeyd edək ki, ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) bir neçə il əvvəl “SpaceX” ilə müqavilə imzalayaraq agentliyin Ay orbitindəki gəmisindən astronavtları götürüb onları Ay səthinə endirə biləcək “Starship” kosmik gəmisinin hazırlanmasını şirkətə həvalə edib.

İlon Mask daha əvvəl “SpaceX”in birbaşa Marsa yönələcəyini açıqlamışdı. Şirkət 2026-cı ilin sonlarında beş “Starship” kosmik gəmisini Marsa göndərməyi planlaşdırdığını bildirmişdi.

Orxan Vahidoğlu, “İki sahil”