10 fevral 2026 11:52
186

Əməkdar memar: Yaxın gələcəkdə paytaxtda tramvay xətlərinin bərpası gözlənilir

Bakıda ictimai nəqliyyatın genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Xüsusilə yeni metro stansiyalarının inşası planlaşdırılır. Yaxın gələcəkdə tramvay xətlərinin bərpası da gündəmdədir ki, bu da Bakının mərkəzindən nisbətən kənarda yerləşən yaşayış məntəqələri - Əhmədli, Günəşli, Sabunçu və digər ərazilərlə gediş-gəlişi daha da asan və rahat edəcək.

“İki sahil” xəbər verir ki, bunu  Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə deyib. Onun sözlərinə görə, şəhərin mərkəzindən kənar ərazilərdə kiçik yerli mərkəzlərin formalaşdırılması nəzərdə tutulur. Bu mərkəzlərdə insanlar gündəlik tələbatlarını - ticarət, səhiyyə, təhsil, istirahət və digər xidmətləri - öz yaşadıqları ərazilərdə ödəyə biləcəklər. Beləliklə, vətəndaşların ən xırda ehtiyaclar üçün şəhər mərkəzinə üz tutmasına zərurət qalmayacaq.

“Bu yanaşma nəticəsində hər rayonun və hər yaşayış məntəqəsinin özünəməxsus istirahət və ictimai toplaşma məkanları formalaşacaq. Həmin məkanlarda ticarət, səhiyyə, xidmət və digər sahələr üzrə imkanlar yaradılacaq ki, bu da nəqliyyat axınının azalmasına, insanların lazımsız hərəkətinin minimuma endirilməsinə və ümumilikdə şəhər həyatının daha səmərəli təşkilinə xidmət edəcək. İctimai nəqliyyatın genişləndirilməsi əsas istiqamətlərdəndir. Yeni metro stansiyalarının tikintisi və tramvay xətlərinin bərpası planlaşdırılır. Eyni zamanda, şəhərdən kənar ərazilərdə lokal ictimai mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu, insanların gündəlik ehtiyaclarını yaşadıqları ərazilərdə qarşılamağa imkan verəcək və nəqliyyat yüklənməsini azaldacaq”, - deyə Memarlar İttifaqının İdarə Heyətinin sədri bildirib.