09 fevral 2026 19:47
99

Yenə həmin koordinatlar

Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən növbəti görüş göstərdi ki, tərəflər danışıqlar prosesini davam etdirmək niyyətindədirlər.

Amma belə bir dönəmdə həm Ermənistanda, həm də bəzi ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımlar atılmaqdadır. Belə ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüşü günü Fransa Senatının Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamentinin üzvünün Ermənistanda özlərini hansısa qondarma qurumun “rəhbərləri” kimi qələmə verən şəxslərlə görüş keçirməsi, “Qarabağ məsələsi hələ bağlanmamışdır” kimi təxribatçı açıqlamalar verməsi bu qəbildən olan təxribatçı hərəkətlərdir. Şübhəsiz, belə addımlar Ermənistan daxilindəki destruktiv qüvvələri daha da cəsarətləndirir.

Bəli, artıq neçə ildir ki, belə təxribatçı addımlar atılmaqdadır. Yeri gəlmişkən, Azərbaycanın düşünülmüş siyasəti sayəsində Fransanın bu kimi addımları dəfələrlə ifşa olunub. Təkcə bir faktı xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında ən azı 5 dəfə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər göstərib. Amma demokratiyadan, insan hüquqlarından dəm vuran bu ölkə heç nəyə nail ola bilməyib. Buna baxmayaraq Fransa təxribatçı əməllərindən əl çəkmir. Bu isə o deməkdir ki, Cənubi Qafqazda sülhün əldə edilməsinə yol vermək istəməyən və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışan Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bölgədə söz sahibi olmasını, müstəqil siyasət yürütməsini hələ də həzm edə bilmir. Üstəlik, artıq 6 aydır ki, dövlətimizin başçısının atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühitinin formalaşması da bu ölkəyə əlavə dərd olub. Belə olmasaydı, Fransa Senatı növbəti dəfə sayıqlamazdı, ölkəmizin uğurlarına kölgə salmaqda davam etməzdi.

Onu da bildirək ki, Fransa Senatının Bakıda mühakimə edilən separatçıların "hərbi əsir" kimi qələmə verməsi hüquqi cəhətdən əsassızdır. Çünki həmin şəxslər separatçılıq və terrorçuluq fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunublar.

Bütün bu fikirləri Ermənistanda özlərini hansısa qondarma qurumun “rəhbərləri” kimi qələmə verən şəxslərlə görüşən, “Qarabağ məsələsi hələ bağlanmamışdır” kimi təxribatçı açıqlamalar verən  İsveçrə parlamentinin üzvü Erix Vontobelə də şamil etmək olar. Halbuki o, bilməlidir ki, Qarabağ münaqişəsinə son qoyulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlayıb. Üstəlik, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) - Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Amma o, “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyanı intensivləşdirməyə çalışır. Əslində isə həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtma­larıdır.

Yeri gəlmişkən belə bir sual da ortaya çıxır: Görəsən, dünyanın  bir sıra yerlərində neokolonializm siyasəti həyata  keçirən,  “azadlıq, bərabərlik, qardaşlıq”dan dəm vuran Fransanın parlamenti, İsveçrə parlamentinin üzvü niyə bircə dəfə Qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına, Azərbaycan xalqının Ermənistanda bütün izinin, qədim və zəngin tarixi-mədəni irsinin silinməsi kampaniyasına münasibət bildirməyib?

İstər Fransa Senatının qəbul etdiyi qətnamə, istərsə də isveçrəli parlamentarinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəzu Qərb dövlətləri regiondakı proseslərə obyektiv, həm də beynəlxalq hüquqa uyğun yanaşmırlar. Onların bu kimi addımları isə Ermənistandakı revanşistlərə "hələ hər şey bitməyib" mesajı verməkdən başqa bir şey deyil. Amma onlar unutmasınlar ki, artıq  o qatar gedib. Özü də yükünü qələbə və zəfərlərlə tutaraq!

Qvami Məhəbbətoğlu, “İki sahil”