09 fevral 2026 18:25
172

Zatulinin növbəti siyasi xuliqanlığı

Azərbaycan və Ermənistan arasında münasibətlərin sürətlə normallaşdırıldığı bir məqamda buna mane olmağa çalışan zatulinlər, duqinlər, solovyovlar, skabayevalar, simonyanlar və başqaları burunlarını bu iki ölkənin daxili işlərinə soxur, az qala “siz niyə barışırsınız?” deyə təkid edirlər. Onlar özlərini dəli və gicbəsər kimi aparır, müstəqil dövlətlərin ağası sayırlar. Təəssüf ki, bunların qarşısını nəinki almırlar, hətta onlara ideya verib studiyalarda anqırmaqlarına şərait də yaradırlar. Bu günlərdə daha bir insident baş verib. Xalqımızın qart düşməni kimi tanınan Konstantin Zatulin Bakıda Qarabağ separatçıları-Xocalı soyqırımını təşkil edənlər, şəhər və kəndlərimizi dağıdıb yandıranlar, uşaqdan-böyüyə qədər əllərinə keçən dinc azərbaycanlıları işgəncə ilə qətlə yetirən, Azərbaycan ərazilərini iyirmi səkkiz il işğal altında saxlayıb talayanlar, saysız hesabsız ağır cinayətlər törədənlər üzərində davam edən məhkəmənin hökmünü “cəza aksiyası” adlandırıb. Bu, birbaşa separatçılara, Azərbaycan xalqının qanını axıdanlara qahmar çıxmaq, cinayətkar quldurlarla əlbir olmaq, onları müdafiə etmək deməkdir. O, tribunadan Azərbaycanın ədalət məhkəməsinə böhtan yağdırıb. Belə çıxır ki, məhkəmə qansız cəlladların başını tumarlamalıdır. İrəvan konyakının təsirindən başı gicəllənən bu yırtıcı dinc əhalinin qanını axıdanların dərhal azadlığa buraxılmasını tələb edib. Ancaq etdiyi siyasi xuliqanlıq cavabsız qalmayıb.

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılaraq bu ölkənin Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulinin Azərbaycanda Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim olunub.

Konstantin Zatulinin uzun müddətdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də ağır hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Görüşdə Rusiya tərəfi bölgədə sülh və və sabitliyiə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi ziyankar şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Rusiya XİN və Dövlət Dumasının rəhbərliyi notaya reaksiya verməyib. Zatulin isə RTVI-yə verdiyi açıqlamada Azərbaycan XİN-in notasına yenə də həyasız və qudurğan münasibət bildirib. Zatulin guya etiraz notasının məzmunundan xəbərsiz olduğunu qeyd edib. O, yazıçı Mark Tvenə məxsus olduğunu iddia etdiyi bir sitatı xatırladaraq, həddini yenə aşıb və Bakının ünvanına hədyanlar səsləndirib. Ancaq həyasıza dövlətlərarası münasibətləri gərginləşdirməməsi üçün ona adi bir xəbərdarlıq belə edilmir.  Bu isə artıq başqa mətləblərdən xəbər verir.

Yerini bilməyən deputatın başqa bir dövlətin daxili işlərinə qarışmaq, məhkəmə orqanlarının çıxardığı qərarlarına hörmətsizlik etmək, həmin qərarları “ekspertizadan keçirmək” kimi heç bir hüquqi və ya siyasi səlahiyyəti yoxdur. Ümumiyyətlə, Azərbaycanda onun sözlərini heç kim eşitmək belə istəmir- “İt hürər, karvan keçər” deyirlər. Onun bu cür davranışları diplomatik etikaya da, beynəlxalq hüququn prinsiplərinə də ziddir. Lakin Zatulinin çıxışlarında məqsəd hüquqi arqumentlər deyil, məhz aranı qızışdırmaq, informasiya fonunda gərginlik yaratmaq və Cənubi Qafqazda zamanla itirilmiş təsir imkanlarını tədricən bərpa etmək kimi siyasi xəyallardır. Bunun iddialarına baxın: Zatulin baş separatçılar keçmiş “prezidentlər” - 20 illik həbs cəzası alan 68 yaşlı Arkadi Qukasyan və 65 yaşlı Bako Saakyanın cəzaları çəkib “həbsxanada tam müddətdən sağ çıxa bilməyəcəklərindən” yenə “kədərli” danışıb. Ancaq gecdir, Zatulin gərək vaxtında onlara xəbərdarlıq edəydi ki, insan qanı tökməsinlər, ərazi cinayətlərindən əl çəksinlər, qonşunun torpağını işğal etməsinlər, bir gün cavab verməli olarsınız.  Belə etsəydi, indi Dumada anqırmazdı.

Yada salaq ki, Konstantin Zatulin ənənəvi anti-Azərbaycan mövqeyini növbəti dəfə nümayiş etdirərək, “Lazarev klubu”nun idarə heyətinin koordinatoru kimi bəyanatını yayıb. Zatulin bəyanatında Əbu-Dabidəki Zayed Sülh Mükafatının təqdimatı ilə bu hökmün elan edilməsi arasında “konspiroloji uyğunluq tapır”, həmçinin Ermənistan baş naziri Nikol Paşinyandan qisas almağa çalışır, onu Qarabağı təslim etməkdə ittiham edir. Zatulin bəyanatda Paşinyanı “həmvətənlərini azad etmək üçün barmaq tərpətməməkdə” də ittiham edir və Ermənistan hakimiyyətinə tənqidlər yağdırır, həddini aşaraq Azərbaycandan  cinayətkarları “dərhal azad etməyi” tələb edib. Bu adam o qədər özbaşınalıq edir ki, başqa dövlətdən insan qatillərini “dərhal azad etmək” hökmünü də verir. Özü də bağıra-bağıra.

Vəli İlyasov, “İki sahil”