06 fevral 2026 16:50
193

Azərbaycanın sülhə və dialoqa verdiyi önəmin beynəlxalq səviyyədə tanınması

Dövlətimizin başçısı, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan, xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmuş,  bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan,  ən yüksək zirvələri fəth etmiş böyük Liderdir.  Son 22 ildə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun cənab İlham Əliyev kimi Lideri var.

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, sülh sazişinin paraflanmasına görə deyil, həm də dövlətimizin başçısının şəxsən sülhə, əməkdaşlığa və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir.

Dövlətimizin başçısının həmin mərasimdəki çıxışı müasir dövrdə sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma ideyalarının hansı istiqamətdə inkişaf etməli olduğuna dair mütərəqqi siyasi baxış ortaya qoyub. Şeyx Zayedin adını daşıyan mükafatın təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu mükafat sülhə xidmət edən liderlərin fəaliyyətini dəyərləndirir. Prezident İlham Əliyevin həmin siyahıda yer alması göstərir ki, Azərbaycan artıq təkcə regional aktor kimi deyil, həm də qlobal humanitar gündəliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi qəbul olunur.Dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, aparılan siyasətin mərkəzində insan amili dayanır. Multikulturalizm, dinlərarası dialoq, tolerantlıq mühiti artıq uzun illər dövlət strategiyasının ayrılmaz hissəsinə çevrilib. Müxtəlif mədəniyyətlərin və konfessiyaların sülh şəraitində birgə yaşaması modeli artıq beynəlxalq səviyyədə nümunə kimi göstərilir. Məhz bu yanaşma “insan qardaşlığı” ideyasının praktik ifadəsidir. Əbu-Dabidə keçirilən mərasim həmin dəyərlərin yalnız nəzəri konsepsiya deyil, real siyasi xətt olduğunu bir daha nümayiş etdirir.

İki dost ölkə müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq əlaqələri qurublar. BƏƏ özünün iqtisadi imkanları, resursları, əhali sayı etibarı ilə regionun nüfuzlu dövlətlərindən biridir. Öz növbəsində Azərbaycan İslam dünyasının bir parçası olması ilə qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsində dayanan ən mühüm məqamlardan biri sülh və birgəyaşayıla bağlıdır. Ayrı-ayrı regionlarda qanlı müharibələrin davam etdiyi indiki dövrdə dünyanın heç vaxt olmadığı qədər sülhə böyük ehtiyacı var. Qalib Azərbaycan da beynəlxalq birlik üçün nümunə sayıla biləcək sülh gündəliyinə malikdir. Mükafat Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir.

Son aylar ərzində atılan addımlar göstərir ki, yeni mərhələ yalnız siyasi dialoqla məhdudlaşmır. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji məhsullarının ixracına başlanılması, ticari münasibətlərin genişləndirilməsi qarşılıqlı asılılığı artırmaqla dayanıqlı sabitlik üçün zəmin yaradır. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə sınaqdan çıxmış modeldir. İqtisadi inteqrasiya münaqişə risklərini minimuma endirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu praqmatik prinsiplərə əsaslanır. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğuladığı kimi, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir.

Prezident İlham Əliyev nitqində Azərbaycanın sülhə verdiyi önəmi və regiondakı nüfuzunu vurğulayaraq BƏƏ-nin qurucusu Şeyx Zayedin siyasətinə və Şeyx Məhəmmədin inkişaf və tərəqqi xəttinə toxunaraq dinlərarası dialoq və sivilizasiyalararası yaxınlaşmanın vacibliyini önə çəkdi. Bu təşəbbüslərin regionda sabitlik, əməkdaşlıq və davamlı tərəqqi üçün nümunə olduğunu söylədi. Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında əldə olunan sülh və ticarət əlaqələrinin genişləndirilməsindən danışaraq prosesin region üçün rəmzi və praktik əhəmiyyətini diqqətə çatdırdı. Uzunmüddətli münaqişələrə baxmayaraq siyasi iradə və beynəlxalq dəstək sayəsində sülhün mümkün olduğunu bəyan edən Prezident bunun regionda sabitliyin möhkəmlənməsinə, inkişafın sürətlənməsinə mühüm töhfə verdiyini açıqladı.

Bu mükafat Azərbaycanın sülhə və dialoqa verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi tarixə düşdü. Eyni zamanda Azərbaycanın regionda sabitliyi və əməkdaşlığı təşviq edən lider mövqeyini ortaya qoydu. Çünki Azərbaycan bütövlükdə sülh ölkəsidir, münaqişələrin əleyhinədir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri