“Samvel Karapetyan səslərin 34%-ni, Nikol Paşinyan isə 33%-ni toplayıb. Bu gün açıqlanan sorğunun yekun nəticələri bunlardır”.
Bu barədə Rusiya Ermənilərinin online media orqanı olan yekramos.org saytı məlumat yayıb.
Saytın verdiyi məlumatda bildirilir ki, sorğunun nəticələri ilə bağlı xəbəri Samvel Karapetyanın liderlik etdiyi müxalif “Bizim yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan sosial mediadakı səhifəsində paylaşıb.
Bildirilir ki, sorğu EMPIRICA tərəfindən aparılıb və sual belə olub: Samvel Karapetyan və Nikol Paşinyan arasında seçim etməli olsaydınız, kimi seçərdiniz? Narek Karapetyan sorğunun nəticələri barədə belə deyib: “Biz qələbəyə doğru inamla irəliləyirik. Məhz buna görə də Paşinyan bizə qarşı hücumlarını gücləndirir. Lakin bu qələbə kifayət deyil. Parlamentdə mütləq çoxluğa ehtiyacımız var. Böyük dəyişikliklər böyük və güclü siyasi qüvvə tələb edir. Biznes üçün sıfır vergi dərəcəsi müəyyən etmək, 300.000 yeni iş yeri yaratmaq və real iqtisadi transformasiyanı həyata keçirmək üçün bizə real güc və geniş dəstəyə ehtiyac var. Biz böyük bir qələbəyə doğru irəliləyirik və hər birimizin səsi bunun üçün vacibdir.”
Sorğunun EMPIRICA tərəfindən aparıldığı bildirilsə də, ictimaiyyətə təqdim olunan məlumatlar olduqca məhduddur. Çox güman ki, sorğu ilə bağlı saxta məlumat elə diaspor təşkilatında tərtib olunub. Bu təşkilata Paşinyana düşmən kəsilən Ara Abramyan başçılıq edir. Bu, həmin o Aradır ki, Rusiyada ona bir sıra yüksək vəzifələr verilib.
Təəccüb doğuran odur ki, respondentlərin coğrafiyası, sorğunun keçirildiyi tarix və metodologiya barədə bir kəlmə də deyilmir. Nikol Paşinyan inzibati resurslara, hakim partiya strukturuna və sadiq elektorata malikdir. Əhalinin böyük hissəsi onun mövqeyini müdafiə edir. Müxalifətin parçalanmış vəziyyəti isə Paşinyanın əsas üstünlüklərindən biri olaraq qalır. Məsələ burasındadır ki, kiçik bir ölkədə mənafeləri bir-birinə zidd olan 6 qrup var. Xaricdən soxuşdurulmuş Samvel Karapetyanın real qələbə şansı yalnız o halda mümkündür ki, o, müxalif düşərgəni vahid platforma ətrafında birləşdirə bilsin. Ən çətin iş də elə budur. Demək olar ki, mümkün deyil.
Yekramos.org sıradan xəbər saytı deyil. Bu sayt Rusiyadakı erməni diasporunun saxta informasiya ruporudur. Bu tip resursların əsas funksiyası xəbər vermək yox, siyasi şərait formalaşdırmaqdır. Buradakı əsas məqam sorğunun nəticəsi yox, sorğunun kim tərəfindən, hansı platformada və hansı məqsədlə ictimailəşdirilməsidir. Məsələ burasındadır ki, sorğu ilə bağlı heç bir metodoloji detal yoxdur. Naşılıqla yazılmış “rəy sorğusu”nda iştirak edən respondentlərin sayı, keçirildiyi ərazi, keçirilmə tarixi, sorğunun formatı, maliyyələşmə mənbəyi məlum deyil. Burada necə deyərlər, “xoruzun quyruğu” görünür. Açıq görünür ki, bu, real sosioloji tədqiqatın yox, ictimai rəyə təsir üçün hazırlanmış yalan informasiya uydurmasıdır. Bu, ermənilər üçün xarakterik xüsusiyyətdir, əvvəlcə yalanı uydurur, sonra özləri ona inanır, başqalarını da buna inandırmağa cəhd edirlər. Sorğuda sualın qoyuluşu da məqsədlidir: “iki lider arasında seçim”. Bu, Paşinyana qarşı “hazır alternativ lider” obrazı yaratmaq üçün istifadə edilən metoddur. Qəribədir ki, sorğu Ermənistan ərazisində aparılmayıb, orada yalnız xaricdə yaşayan və Nikol Paşinyana patoloji nifrət edən daşnak ermənilər “iştirak” ediblər.
Heç bir siyasi savadı olmayan, insanların cibinə girmək, fikri-zikri sərvət qazanmaq olan biznesmen Samvel Karapetyan diaspor mediasında “lider” kimi təqdim olunur, kağız üzərində sorğular vasitəsilə reytinqləri şişirdilir və tədricən ictimai rəyə yeridilir. Bu isə Ermənistandakı revanşistlərin süni “üstünlüyünü” nümayiş etdirmək, sülhlə bağlı atmosferin Rusiyanın iştirakı olmadan formalaşdırılmasının mümkünsüzlüyünü onə çəkmək üçündür. Ancaq Azərbaycanla münasibətlərin normallamasından əldə etdiyi mənfəət Ermənistan elitasının razılığına səbəb olub. Üçüncü dəfə qatarla göndərilən yanacaq, Rusiya və Qazaxıstan taxılı ilə dolu qatarların Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsi həm sadə ermənilər, həm də xarici dairələr tərəfindən məmnunluqla qarşılanıb. Onlar başa düşüblər ki, blokada aradan tam qaldırılarsa Ermənistanın qarşısında yeni inkişaf üfüqləri açılacaqdır. Bu da baş nazir Nikol Paşinyana siyasi rəqiblərinə qarşı əlavə dividend qazandırır. Yəni, söz başqa, əməli iş başqa. Revanşistlər, daşnaklar, artıq cəmiyyətdə nüfuzunu tamamilə itirmiş ”Qarabağ klanı”nı və kilsə qrupları iqtidarla müqayisədə zəif durumdadır. Həmin qruplar müharibə tərəfdarı olduqlarına görə sadə seçicilər sülh yolunu seçən Nikol Paşinyan hökumətinin hakimiyyətdə qalmasına səs verəcəklər. Çünki onlar müstəqil dövlət, süfrələrində çörək və təhlükəsiz həyat yaşamağın şirinliyini indi görürlər. Robert Koçaryanla Serjik Sarkisyanın Ermənistana gətirdikləri fəlakətlər isə yaddan çıxmır. Tamamilə aydındır ki, erməni cəmiyyəti onlara “yox”, Nikol Paşinyana “hə” deyəcək.
Vəli İlyasov, “İki sahil”
Prezident İlham Əliyevin qətiyyəti və humanizmi regiona dayanıqlı sülh gətirəcək