05 fevral 2026 16:02
152

Azərbaycanın beynəlxalq nüfuzu yüksək qiymətləndirilir

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi göstəricilər və hərbi güc amilləri ilə deyil, eyni zamanda humanizm dəyərlərinə verdiyi töhfələr, tolerantlıq siyasəti və sülh təşəbbüsləri ilə də müəyyən edilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə “İnsan Qardaşlığı” mükafatına layiq görülməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun, həmçinin Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmin bariz ifadəsi kimi qiymətləndirilə bilər.

“İnsan Qardaşlığı” mükafatı dünyada müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, tolerantlığın və sülhün təşviqinə xidmət edən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatın əsas məqsədi insan hüquqlarının qorunması, dinlərarası dialoqun gücləndirilməsi, qarşıdurmaların aradan qaldırılması və xalqlar arasında birliyin möhkəmləndirilməsinə töhfə verən liderləri və təşkilatları dəyərləndirməkdir.

Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi multikulturalizm siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir. Azərbaycan müxtəlif dinlərin və etnik qrupların əsrlər boyu sülh şəraitində yaşadığı nadir ölkələrdən biridir. Bu reallıq ölkəmizin tarixən formalaşmış tolerantlıq modelinin bu gün dövlət siyasəti səviyyəsində davam etdirildiyini təsdiqləyir.

Cənab İlham Əliyevin Abu Dabidə “İnsan Qardaşlığı” mükafatının təqdimatı mərasimində etdiyi çıxış yalnız təşəkkür xarakterli nitq deyil, eyni zamanda müasir dünya üçün mühüm mesajlar daşıyan strateji məzmunlu çıxış kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında sülhün, tolerantlığın, qarşılıqlı hörmətin və dinlərarası anlaşmanın insanlığın gələcəyi üçün əsas şərt olduğu vurğulanmışdır.

Dövlət başçısı çıxışında Azərbaycanın tarixən tolerantlıq məkanı olduğunu, müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu ölkəmizdə qardaşlıq şəraitində yaşadığını qeyd etmişdir. Prezidentin bu mövqeyi həm də onu göstərir ki, Azərbaycan müasir qlobal qarşıdurmalar fonunda barış və dialoq tərəfdarı olan dövlət kimi çıxış edir.

Dünyada etnik və dini zəmində münaqişələrin artdığı, islamofobiya və ksenofobiyanın bəzi ölkələrdə dövlət siyasəti səviyyəsinə yüksəldiyi bir dövrdə Azərbaycan modelinin beynəlxalq səviyyədə tanınması olduqca əhəmiyyətlidir. Bu, həm də onu göstərir ki, tolerantlıq yalnız şüar deyil, dövlətin real siyasətində öz əksini tapmalıdır.

Eyni zamanda, bu hadisə Azərbaycanın xarici siyasət strategiyasının humanitar istiqamətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Azərbaycanın bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, qlobal problemlərə dair beynəlxalq təşəbbüslərdə fəal iştirakı, xüsusilə islam dünyası ilə Qərb arasında dialoq platforması yaratması bu mükafatın məntiqi nəticəsi kimi çıxış edir.

Bu mükafat həm də onu göstərir ki, Azərbaycan münaqişələrə qarşı prinsipial mövqedə dayanmaqla yanaşı, gələcək nəsillər üçün sülh və əməkdaşlıq dəyərlərini ön plana çəkir. Bu yanaşma müasir dünyanın ehtiyac duyduğu ən vacib dəyərlərdən biridir.

Cənab Prezidentin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də mənəvi-humanitar dəyərlər sahəsində dünya üçün önəmli tərəfdaşdır. Bu uğur ölkəmizin beynəlxalq arenada daha güclü mövqe tutmasına, regional və qlobal proseslərdə söz sahibinə çevrilməsinə mühüm töhfə verməkdədir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı