Dövlət başçısı İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrikində bir daha bu əminliyi ifadə etdi ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar bütün sahələrdə, o cümlədən yeni texnologiyarın inkişafı və tətbiqi istiqamətində də səylərin artırılmasını bir zərurətə çevirib. Azərbaycan hər zaman beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təkmil islahatları, yenilikləri ilə liderliyini qoruyur. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş ərazilərimizdə tətbiq edilən idarəçilik sistemi, müasir çağırışları özündə əks etdirən dirçəliş modeli də bunun bariz nümunəsidir. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.
Bu reallıq da daim önə çəkilir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, dövrün, zamanın tələblərinə uyğun islahatlar həyata keçirilir, zəngin idarəçilik təcrübəsinə malik lideri vardır. Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin başqa ölkələrdə qatıldığı tədbirlərdə də əsas çağırışlardan biri bu olur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST layihələri də ölkəmizin nə qədər yeniliyə meyilli olduğunu təsdiqləyir. Əsas məqsəd dövlət xidmətlərini daha şəffaf, operativ və vətəndaşlar üçün rahat şəkildə, “bir pəncərə” prinsipi ilə təqdim etmək, habelə korrupsiya hallarını minimuma endirməklə xidmət keyfiyyətini artırmaqdır. Bu layihələr sosial sahədə innovasiyaları və vətəndaş məmnunluğunu hədəfləyir. Dövlət başçısı İlham Əliyev “ASAN xidmət”i Azərbaycanın intellektual məhsulu kimi xarakterizə edir. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in uğuru beynəlxalq miqyasda tanındıqca və müxtəlif mükafatlarla təsdiqləndikcə Azərbaycanın innovativ dövlət imici daha da möhkəmlənir. Reallıq budur ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni, xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edir. Daim ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf modelinə söykənərək dünyada innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. İşğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpası da ölkəmizin yenilikçi olmasının təsdiqidir. Bir sözlə, informasiya-kommunikasiya texnologiyaları həyatımızın və məişətimizin daim ehtiyac duyulan, ayrılmaz parçasıdır.
Yeni texnologiyaların inkişafı kadr potensialı məsələsini aktuallaşdırır ki, bu da təhsilin inkişafını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi “İntellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır” çağırışını xatırlatmaq istərdik. Cənab Prezident onu da qeyd etmişdir ki, amma prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və texnologiyaları icad edənlərdən bir addım geridə olmalıyıq: “Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik… Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik… Biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır.”
Dövlət başçısı İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrikində də bu məqamı xüsusi qeyd etdi ki, sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Gənclər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvədir. Bu əminlik də ifadə edildi ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir.
O da məlumdur ki, ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncam ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Həmçinin “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub.
2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2 055 gənc iştirak etmişdir.
Göründüyü kimi, yeni texnologiyalar son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “Bakutel” Beynəlxalq Sərgi və Konfransının Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilməsi, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də özündə mühüm məqamları ehtiva edir. Onu da qeyd edək ki, Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə oldu. İlk dəfə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıdı. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizin malik olduğu imkanların təqdimatı oldu.
Təbii ki, bütün bunların əsasında Azərbaycanın daim yeniliyə, təhsilin, elmin inkişafına böyük diqqət yetirməsi dayanır. Bu gün Azərbaycan gəncliyi dövlətimizin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə edərək hər bir çağırışın yerinə yetirilməsinə öz töhfələrini verir. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında böyük qəhrəmanlıq, şücaət göstərən Azərbaycan gənci informasiya cəbhəsində də fəallıq göstərdi. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Yeganə Əliyeva, “İki sahil”