03 fevral 2026 00:17
124

Böyük Britaniya BMT TŞ-yə sədrlik edəcək

BMT Təhlükəsizlik Şurasına fevralda Böyük Britaniya sədrlik edəcək.

“İki sahil” xəbər verir ki, Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi, səfir Ceyms Kariuki Şuranın aylıq iş proqramı və Londonun prioritetləri ilə bağlı brifinq keçirib.

Daimi nümayəndə qeyd edib ki, Böyük Britaniyanın fevral üçün prioritetləri üç böyük böhran ətrafında cəmlənir, Ukrayna, Sudan və Qəzza.

Səfirin sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı Təhlükəsizlik Şurasında xüsusi iclas çağırılacaq. İclasın Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri tərəfindən idarə olunması gözlənilir. Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır.

London Kiyevə hərbi, maliyyə və iqtisadi dəstəyi davam etdirəcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasını dəstəkləyəcək.

Həmçinin, Sudandakı müharibə və humanitar fəlakət də Böyük Britaniya üçün prioritet olaraq qalır.

C.Kariuki Qəzza ilə bağlı atəşkəsin qorunmasının və genişləndirilməsinin vacibliyini qeyd edib. Humanitar yardımın artırılmasının, bütün keçid məntəqələrinin açılmasının və mülki əhalinin ağır vəziyyətinin aradan qaldırılmasının zəruri olduğunu bildirib.

Böyük Britaniya HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada yeni fələstinli idarəetmə strukturlarının qurulması və uzunmüddətli sülh üçün siyasi prosesin irəlilədilməsini vacib hesab edir. Bu mövzuda aylıq Yaxın Şərq iclasında da müzakirələr aparılacaq.

Kariuki qeyd edib ki, Böyük Britaniya sədrliyi dövründə vətəndaş cəmiyyəti nümayəndələrinin səsinin daha çox eşidilməsinə çalışacaq və qadınlara qarşı zorakılıqla qlobal mübarizəni ön plana çıxaracaq.